"Qarabağ" və "Sabah"ın avrokuboklarda uğurunun əziyyətini Premyer Liqa klubları çəkir.
Belə ki, "bayquşlar" birinci turda "Kəpəz"lə səfərdə keçirməli olduğu oyunu Masazırda oynadı.
İkinci turun "Sumqayıt"la matçını təxirə saldı.
Eyni addımı "Qarabağ" da atıb. "Köhlən atlar" "Kəpəz"lə matçı təxirə salıb.
Rəsmi açıqlamada "Sumqayıt" və "Kəpəz"in razılığının alınması qeyd olunub.
Amma həqiqət fərqlidir.
Bəli, rəsmi razılıq verilib.
Amma qeyri-rəsmi hər iki klub da bu cür münasibətdən narazıdır.
Adıçəkilən klubların rəsmiləri yaxşı bilir ki, ağır qrafikdə olan iddialı rəqiblərini ancaq indiki halda büdrətmək olar.
Ən yaxşı fürsət bu gün ələ düşüb.
Məsələn, ötən mövsüm "Sumqayıt" ilk qələbəsini başı avrokuboklara qarışan "Qarabağ" üzərində səfərdə əldə etmişdi.
Lakin gələn təklifdən imtina da edə bilmirlər.
Ötən mövsüm "Neftçi"nin başına gələnlər hamının yaxşı yadındadır.
Qarşı çıxmaq ciddi nəyisə dəyişməyəcək.
Yaxın keçmişdəki "Neftçi" təcrübəsindən dərs çıxaran "Kəpəz"lə "Sumqayıt" "yox" deyib pis olmaqdan, ictimai qınağa tuş gəlməkdənsə, könülsüz razılıq verərək məsələnin qapanması yolunu seçib.
XANOĞLAN/ SPORTİNFO.AZ
