Misli Premyer Liqasında 2026/2027 mövsümü start götürüb.
12 komandanın mübarizə aparacağı çempionata hazırlaşan klublar yay "transfer pəncərəsi" dönəmində kifayət qədər fəallıq göstəriblər.
Bəs görəsən, komandalar çempionata necə hazırlaşıblar? 2026/2027 mövsümündə hədəfləri nədən ibarət olacaq?
Sportinfo.az xəbər verir ki, "report" bununla bağlı Premyer Liqada mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu keçirib.
Sorğuda yalnız "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev iştirak etməyib.

Rəşad Sadıqov ("Zirə"nin baş məşqçisi): "Bildiyiniz kimi, biz bu yay həm təlim-məşq toplanışı keçmişik, həmdə yoxlama oyunları və UEFA Konfrans Liqasında iştirak etmişik. Ümumilikdə hazırlıq dövrünün yaxşı keçdiyini düşünürəm. Premyer Liqa oyunları nə dərəcədə hazır olduğumuzu göstərəcək. İstədiyimiz futbolçuların keçidini hələ reallaşdıra bilməmişik. Planımızda olan daha 5-6 oyunçu var ki, onların transferini həll etmək istəyirik. Danışıq apardıqlarımız, anlaşa bilmədiklərimiz, izlədiyimiz futbolçular var. "Transfer pəncərəsi" bağlanana qədər azı 5-6 futbolçu götürməliyik. Çünki komandadan xeyli futbolçu ayrılıb. Hazırda heyətimiz kasaddır. Həmişə olduğu kimi, avrokuboklar uğrunda mübarizə aparacağıq. Çox istərdik ki, növbəti mövsüm də ölkəmizi avrokuboklarda təmsil edək".

Valdas Dambrauskas
Valdas Dambrauskas ("Sabah"ın baş məşqçisi): "Düşünürəm ki, tətbiq etdiyimiz oyun modeli artıq formalaşıb. Ötən mövsüm Azərbaycan Kubokunu qazanan heyətin böyük hissəsini qoruyub saxladıq. Mövsümöncəsi komandaya qoşulan futbolçular oyun modelimiz üçün lazım olan keyfiyyətlərə sahibdirlər. Xüsusi mövqeləri gücləndirməyimizdən çox razıyam. İndi isə yeni gələnlərin matç hazırlığına və oyun təcrübəsinə yiyələnməsinin zamanıdır. Avstriyada üç yoxlama oyunu keçirdik, əla təlim-məşq toplanışı oldu. Artıq UEFA Çempionlar Liqasının təsnifat mərhələsində də 6 oyun keçirmişik. Düşünürəm ki, yaxşı intensivlikdə məşq edirik və hazırlığı böyük üstünlüklə daha da artırırıq.
Mövsümə hazır olduğumuzu hiss edirəm. Hər şey mövsümün ilk oyunlarında heyətdə nə qədər rotasiya edəcəyimizdən asılıdır. Yeni oyunçuların vaxta ehtiyacı var. Çempionlar Liqasının təsnifat mərhələsində oynayan futbolçular mövsümün əvvəlində qorunmalıdırlar. İnanıram ki, ilk görüşlər üçün yaxşı balans tapa biləcəyik. Uzunmüddətli hədəflər müəyyən etmirik. Ən başlıcası növbəti məşq və oyundur. Fəlsəfəmiz addım-addım irəliləməkdir və bunu davam etdirməyə çalışacağıq. Hazırda əsas məsələ ilk oyuna hazırlaşmaqdır. "Kəpəz" çox iddialı rəqibdir və bütün diqqətimizi onlara yönəltmişik".
Yuri Vernidub ("Neftçi"nin baş məşqçisi): "Komanda iyunun 20-də "Neftçi"nin Bakıda yerləşən təlim-məşq bazasında bir araya gəldi. Bakıda 8 günlük hazırlıq mərhələsi keçdik. Düşünürəm ki, bu mərhələni kifayət qədər yaxşı keçdik. Ardınca isə 2 həftəlik təlim-məşq toplanışı üçün Sloveniyaya yollandıq. Orada güclü komandalarla 4 yoxlama görüşü keçirdik. Məncə, bu təlim-məşq toplanışı da çox uğurlu alındı. Həm şərait yaxşı idi, həm də məşqlər və oyunlar üçün meydanlar yüksək səviyyədə hazırlanmışdı.

Heyətə 5 yeni futbolçu cəlb etmişik. Bu istiqamətdə çox ciddi işləyirik. Məqsəd keçid naminə heyətə oyunçu almaq deyil. Həqiqətən yüksək səviyyəli futbolçular tapmaq istəyirik. Danışdığımız digər oyunçular gəlməyə razılıq versələr, çox yaxşı olacaq. Alınmasa, yenə də axtarışları davam etdirəcəyik. Çünki komandanın hələ də əlavə gücə ehtiyacı var. Ümid edirəm ki, sonda həm xarakter, həm oyun keyfiyyətləri, həm də uyğunluq baxımından bizə lazım olan futbolçuları tapacağıq. "Neftçi" yeni mövsümdə də ən yüksək məqsəd və hədəflər uğrunda mübarizə aparacaq".
Kaxaber Sxadadze ("Qəbələ"nin baş məşqçisi): "Transferləri hələ başa vurmamışıq. Daha bir mövqeyə futbolçu cəlb etməliyik. Düşünürəm ki, yeni gələn futbolçular tam güclərini ortaya qoyacaqlar və komandaya xeyir verəcəklər. Bizdə, Qəbələdə hazırlıq prosesi üçün yaxşı şərait var və çempionata burada hazırlaşdıq. Meydanların vəziyyəti əladır, bir çox komandalar da hazırlıq üçün Qəbələni seçdilər. Yalnız bir problemimiz var ki, bütün futbolçular hazırlıq prosesini tam keçə bilmədilər. Bəzi yeni transferlər komandaya gec qoşuldular. Yeganə çətinliyimiz bütün heyətin eyni səviyyədə hazırlaşmamasıdır. Çempionatda məqsədimiz hər matçda yaxşı oyun göstərmək və xallar qazanmaq olacaq".
Cavid Hüseynov ("Araz-Naxçıvan"ın baş məşqçisi): "Seçim etmək üçün müəyyən qədər vaxtımız var idi. Oyun sistemimizə və düşüncəmizə uyğun futbolçularla danışıqlar oldu. Heyətə qatmaq istədiyimiz, lakin transfer edə bilmədiyimiz oyunçular da var idi. Bununla belə, ümumilikdə imkanlardan maksimum yararlanmağa çalışdıq və hazırda heyətdə olan futbolçularla kifayətlənmişik. Yenidən qurulan komanda olduğumuz üçün zamana ehtiyac var idi və çalışdıq ki, bu müddətdən hərtərəfli yararlanaq. Qarşıya qoyulan əsas hədəf yaxşı kollektiv formalaşdırmaq və yuxarı pillələrdə qərarlaşmaqdır".
Filipe Kandido ("Sumqayıt"ın baş məşqçisi): "Komandanın nə dərəcədə hazır olduğunu demək çətindir. Lakin bu kollektivin istədiyim səviyyəyə çatması üçün zamana ehtiyacı var. Hər şey transfer bazarından asılı olacaq, ancaq yeni oyunçular cəlb olunacaq. Heyəti gücləndirməliyik. Yeni futbolçular böyük ehtimalla yarımmüdafiə və hücum xəttinə dəvət ediləcək. 2026/2027 mövsümündə hədəfimiz mümkün qədər yuxarı pillələrdə yer almaqdır".

Fərid Namazov ("İmişli"nin baş məşqçisi): "Heyətə cəlb olunan yerli və xarici oyunçular arasında həm təcrübəlilər, həm də gənclər yer alır. Hazırlıq prosesi yaxşı keçdi. Daha çox yoldaşlıq görüşlərində qüvvəmizi sınamağa çalışdıq. Ümumilikdə razı qaldıq. Çempionatda hədəf ötənilki nəticədən daha yaxşısını qazanmaqdır".
Azər Bağırov ("Şamaxı"nın baş məşqçisi): "Əlbəttə, dəvət etdiyimiz, lakin keçidi alınmayan bəzi futbolçular oldu. Bununla belə, ümumilikdə istədiyimiz transferləri həyata keçirdik. Təlim-məşq toplanışının normal səviyyədə keçdiyini düşünürəm. Bu müddətdə 4 yoxlama görüşü keçirdik, oyundan oyuna müəyyən fərqlər var idi. Əsas hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və daha yuxarı pillələrdə qərarlaşmaqdır. Eyni zamanda, bacardıqca yeni azərbaycanlı gənc futbolçuları ölkə futboluna qazandırmaq və onların uğurlarını izləmək istəyirik".
Zaur Həşimov ("Şəfa"nın baş məşqçisi): "Komandanı demək olar sıfırdan yığmışıq. Bütün futbolçuların özünü doğruldacağına inanıram. Hazırlıq prosesini də yaxşı keçirmişik. Yalnız bir neçə futbolçunun düşərgəyə gec qoşulması bizi narahat edir. 2026/2027 mövsümündə hədəf Premyer Liqada qalmaq olacaq".
Azər Məmmədov ("Kəpəz"in baş məşqçisi): "Transfer dönəmində müəyyən işlər gördük və heyəti gücləndirməyə çalışdıq. İstədiyimiz mövqelərə uyğun futbolçuları komandaya cəlb etdik. Təbii ki, yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. Ümumilikdə görülən işlərdən razıyam və düşünürəm ki, rəqabətədavamlı heyət qura bilmişik. Hazırlıq prosesi kifayət qədər məhsuldar keçdi. Məşqlərlə yanaşı, yoxlama oyunlarında komandanın vəziyyətini və çatışmazlıqları görmək imkanımız oldu. Futbolçuların hazırlığından və münasibətindən razı qaldım. Qarşıdakı oyunlarda da üzərində işləməli olduğumuz məqamları təkmilləşdirməyə çalışacağıq. 2026/2027 mövsümündə əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaqdır. Mövsüm ərzində qarşılaşacağımız hər rəqibə ciddi yanaşacağıq. İnanıram ki, düzgün iş və azarkeşlərimizin dəstəyi ilə qarşıya qoyduğumuz məqsədlərə çata bilərik".

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Yay fasiləsində gerçəkləşdirdiyimiz transferlərdən razıyam. Amma hələ transferləri tamamlamamışıq. Daha bir neçə transfer etmək istəyirik. Komandanın hazırlıq prosesi normal keçib. Amma təbii ki, müəyyən çatışmazlıqlar da var. 2026/2027 mövsümündə qarşıya qoyulan hədəflərə gəlincə, məqsəd hər il olduğu kimi maksimumdur. İşimizi maksimum nəticələr qazanmaq üçün qurmağa çalışacağıq".
