Futbolumuzda yerli “soyqırım”ı davam edir... DƏHŞƏTLİ FAKT var!

22:40 Premyerliqa 348
Futbolumuzda yerli “soyqırım”ı davam edir... DƏHŞƏTLİ FAKT var!

Azərbaycan Premyer Liqasında yeni mövsümün startına çox az qaldı.

Klublarımız 2026/27 mövsümünə necə hazırlaşıb?

Xüsusilə legioner limitinin ləğvindən sonra komandalarımız ötən yaydan kütləvi əcnəbiləşmək yolunu seçib.

Bəs bu yay vəziyyət necədir?

Yaxşı mənada dəyişən nəsə yoxdur.

12 klubumuz 59 legionerlə yolları ayırıbsa, əvəzində 60 əcnəbi transfer edib.

Burada ən aktiv klub "Araz Naxçıvan"dı. Muxtar respublika təmsilçisi 8 legioner göndərib, eyni sayda yenisinə qucaq açıb.

"Qarabağ" yola saldığı 6 legioneri 8 yenisi ilə əvəzləyib.

"Qəbələ" 6 əcnəbi ilə sağollaşıb, əvəzində 7 nəfər gətirib.

Son çempion "Sabah" 5 gəlməyə qapını göstəribsə, 6 yeni simaya "xoş gəldin" deyib.

Debütant "Şəfa" yola saldığı Amir Ebrahimzadəni 7 legionerlə əvəzləyib.

"Şamaxı" 9 köhnə əcnəbini 6 yenisi ilə dəyişib.

Ölkəyə legionerlərin daşınmasında ən az aktivlik göstərən "İmişli" olub. Bölgə klubu yola saldığı 4 əcnəbinin əvəzinə kimisə transfer etməyib.

Sonrakı sırada "Sumqayıt" və "Neftçi" gəlir. "Ağ qaralar" yola saldığı 5 yadellini 3, "kimyaçılar" isə 4 nəfəri 3 yeni transferlə əvəzləyib.

"Turan Tovuz" gedən 2 nəfəri 4 əcnəbi ilə dəyişibsə, "Zirə" yola saldğı 6 nəfərin yerinə 4 legioner transfer edib.

"Kəpəz"də nə qədər qəribə olsa da gedənlərin sayı (6) gələnlərin sayından çoxdur (4). Amma yolda olan gələnlər olduğunu da deyə bilərik.

Legionerlərlə bağlı balans qorunub. 59 gedəni 60 nəfər əvəzləyib. Hətta gələnlərin siyahısı mütləq genişlənəcək. Bu gün düşərgədə olan, amma rəsmi açıqlanmayan ən azı 6-7 legioner var.

Yerlilərlə bağlı vəziyyət isə ürək dağlamaya bilməz.

Biz hələ legioner limitin ləğvinə hazırlıq gedəndə deyirdik ki, qərar olub-qalan yerli oyunçuların da məhvinə səbəb olacaq.

Proses sürətlə davam etdirilir.

12 klub yola saldığı 60 yerli oyunçunu 40 yeni yerli oyunçu ilə əvəzləyib. Ötən mövsümlə müqayisədə 33.3% azalma deməkdir.

"Şamaxı" 11, "Şəfa" isə 14 yerliyə qapını göstərib. Əvəzində "şirlər" 9, debütant 6 azərbaycanlı transfer edib.

"Qarabağ" (3), "Qəbələ" (6) və "Sumqayıt" (1) yola saldığı 10 azərbaycanlı oyunçunun əvəzinə bir yerli futbolçu da transfer etməyib.

Son çempion "Sabah" göndərdiyi 3 yerli oyunçunu 1 yerli futbolçu ilə əvəzləyib.

"Kəpəz" qapını göstərdiyi 2 yerlini 4 həmyerlisi ilə əvəzləyib.

Bu baxımdan bölgə təmsilçisi liderdir.

Digər klubların hamısı göndərdiyi yerli futbolçu sayından daha azını heyətinə qatıb.

Ümid edək ki, klublarımız olmayan akademiyalarından 5-10 nəfəri ortaya çıxarmaqla vəziyyəti nisbətən düzəltmiş olacaq. Tək təsəlli bu ola bilər.

İstənilən halda, limitin ləğvindən sonrakı reallıq onu göstərir ki, yaxın 2-3 ildə Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Qara Qarayev, Maksim Medvedev, Cavid Hüseynov səviyyədə yerliləri heç şam işığında da tapa bilməyəcəyik.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti