Növbəti çempionatda necə komanda olacaq? - AFFA-dan AÇIQLAMA

16 Aprel 01:10 Premyerliqa 6 857
Növbəti çempionatda necə komanda olacaq? - AFFA-dan AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, son günlər mediada növbəti mövsüm Azərbaycan Premyer Liqasında yarışacaq komanda sayının artırılacağı, liqanın formatının isə dəyişdiriləcəyinə dair məlumatlar artmaqdadır.

Yeni mövsüm üçün Premyer Liqada komanda sayının artırılaraq 10-dan 12-yə çatdırıla biləcəyi qeyd edilib.

Bununla bağlı məsələ bir müddətdir müzakirə olunur. Yəni söhbət AFFA prezidentliyinə keçirilən seçkidən öncəyə gedib çıxır.

Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf jurnalistlərə sonuncu açıqlamasında da komanda sayı və çempionatın formatı ilə bağlı məsələnin müzakirə olunacağını etiraf edib.

Bununla bağlı müzakirənin AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin növbəti iclasında müzakirə olunacağı gözlənilir. Həmin iclasda isə iştirakçı komandaların sayı və çempionatın yeni formatına dair qərar veriləcəyi istisna deyil.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli yayılan məlumatlarla əlaqədar qol.az-ın sorğusuna cavab verib. O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclası mayın əvvəlində keçirilməlidir.

Lakin dəqiq tarix hələ müəyyənləşməyib. O, çempionatla bağlı mümkün müzakirəyə və qərara dair suala cavabında isə bildirib ki, bu, İK-nin səlahiyyətində olan məsələdir:

"Hələ ki, İcraiyyə Komitəsinin gündəliyi açıqlanmayıb, ümumiyyətlə, iclasın dəqiq tarixi də bəlli deyil. Bu məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat verəcəyik".

AFFA İcraiyyə Komitəsinin üzvü olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da "Sabab"la oyundan sonra jurnalistin bu mövzuda sualını cavablandırıb. O, komanda sayının artmasına tərəfdar olduğunu söyləyib:

"Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var.

Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik.

Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir.

Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir.

Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar.

Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə, buna razıyam.

Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır.

Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur".

Digər Xəbərlər
Xəbər Lenti