COP29

“Hünərin var, uduz!”

7 Dekabr 2023 21:00 Premyerliqa 934
“Hünərin var, uduz!”

Premyer Liqanın 16-cı turunda biri-birindən maraqlı oyunlar baş tutacaq.

Turun prinsipial qarşılaşmalarından biri Zirə İdman Kompleksində keçiriləcək.

Şənbə günü lider “Qarabağ”ı qarabaqara izləyən “Zirə” öz meydanında çempionatın debütantı olmasına baxmayaraq, iddialı rəqiblərini məğlub etməyi bacaran “Araz-Naxçıvan”ı qəbul edəcək.

Bu oyunun başlıca əhəmiyyəti komandaların turnir cədvəlindəki mövqeyinə görədir. “Qartallar” 15 oyundan sonra 28 xalla 2-ci pillədə qərarlaşıbsa, Muxtar Respublika təmsilçisi 22 xalla 5-cidir.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin mümkün məğlubiyyəti turnir cədvəlinin üst pillələrində sıxlıq yaradacaq.

“Araz-Naxçıvan” bu rəqiblə xal fərqini 3-ə endirəcəksə, “Səbail”lə “Neftçi”, hətta “Sumqayıt” da zirəlilərə yaxınlaşmaq imkanı qazanacaq.

Əksi yaşanacağı halda, ilk “5-lik”dən qopmaq şansı çoxalacaq ki, bu, həm də avrokubok zonasından uzaqlaşmağa səbəb olacaq. Üstəlik, ardıcıl 5-ci oyunda qələbəsizlik seriyası sayılacaq.

“Zirə”nin “Araz-Naxçıvan”la, Rəşad Sadıqovun Azər Bağırovun xüsusi haqq-hesabı var. Komandaların ilk dövrədə “Dalğa Arena”da baş tutan qarşılaşmasını yəqin ki, unutmamısınız.

Əksəriyyət zirəliləri matçın favoriti gözündə görsə də, naxçıvanlılar 1:0 hesablı qələbəyə sevinmişdi. “Araz”ın bu rəqibini növbəti dəfə üstələməsi “qartallar”ın yüksək iddialar uğrunda mübarizə aparmaq gücünü şübhə altına alacaq.

Komandaların psixoloji durumu aşağı-yuxarı eynidir. Zirəlilər sonuncu dəfə 13-cü turda “Qəbələ” üzərindəki qələbəyə sevinib.

Son 2 görüşdə “Sumqayıt”la heç-heçə və “Neftçi”yə yenilgi nəinki liderliyin əldən çıxmasına, hətta aşağı pillələrdəki rəqiblərlə xal fərqinin azalmasına səbəb olub.

“Qartallar”ı narahat edən növbəti xalların itkisidir. Bu, baş versə, hadisələrin sonrakı axarının necə olacağını təsəvvür etmək çətin deyil.

“Araz-Naxçıvan”ın sonuncu qələbəsi oktyabra təsadüf edib. Həmin ayın 30-da “Qarabağ”ı məğlub etməklə futbol ictimaiyyətini sözün yaxşı mənasında təəccübləndirən Bağırovun yetirmələri sonrakı oyunlarda 2 dəfə məğlubiyyət acısı yaşayıb, 2 dəfə bərabərə qalıb.

Odur ki, növbəti qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti qəlizləşdirəcək. Tək naxçıvanlıların düşərgəsində yox, həm də zirəlilərin.

Dekabrın 9-da keçiriləcək “Zirə” – “Araz Naxçıvan” görüşü saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"