"Neftçi" niyə 4 qol vurdu? “Onun imkanı yoxdur ki...”

10 May 2021 17:40 Premyerliqa 956
"Neftçi" niyə 4 qol vurdu? “Onun imkanı yoxdur ki...”

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 26-cı turunun "Səbail" - "Neftçi” (0:4) və "Keşlə" - "Sumqayıt" (0:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Səbail" - "Neftçi"
"Səbail" ilk hissəyə sönük başladı. İlk dəqiqələrdən görünürdü ki, "Neftçi" hesabı açmağa daha yaxındır. Komanda çox istəkliydi və istəklərinə də tez nail oldular.

Elə ilk hissədə oyunun taleyinə aydınlıq gəldi. Bir epizod da Əfranın zərbəsini Aqil Məmmədov çətinliklə qaytardı.

Əgər həmin anda hesab 1:1 olsaydı, "Səbail" nəsə edə bilərdi. Bu halda sonluğun necə olacağını bilmək olmazdı.

İkinci qoldan sonra "Səbail" demək olar dayandı. Aftandil Hacıyevin komandaya motivasiya vermək imkanı yoxdur. Komandanı toparlamaq çətindir.

Hakimlər oyunu yaxşı idarə elədi. Ciddi səhvə yol vermədilər. Hər iki komandaya qarşıdakı tur uğurlar arzu edirəm.

"Keşlə" - "Sumqayıt"
Maraqla gözlənilən oyun idi. "Keşlə" qələbə qazanıb, son yerlərdən qurtulmağa çalışır. Qazanılacaq 3 xal komandanı beşinci pilləyə yüksəldə bilərdi.

Bu da çox yaxşı nəticə olardı. "Keşlə" oyuna da pis başlamadı. Demək olar ərazi üstünlüyü onların tərəfində idi. "Sumqayıt" oyunu əks-hücumda qurmuşdu.

Əli Qurbanin olmaması qonaqları buna vadar eləmişdi. Yəni, kiçik hesabla da olsa, qələbə qazana bilsinlər. Buna da nail oldular.

Bu qələbə ilə komanda üçüncü yeri özü üçün bir qədər də möhkəmləndirdi. "Keşlə" bir qədər yorğun idi. Anatole Abanq komanda üçün dəyərli hücumçudur.

Amma kamerunlu legionerin qol vura bilməməsi "Keşlə"yə problem yaradır. Faydalı iş əmsalı yüksəkdir, daim hərəkətdədir. Sadəcə, fərqlənə bilmir. Yeni mövsümdə Abanqın yanında fərqlənməyi bacaran hücumçu olmalıdır.

Hakimlərin elə böyük səhvi görsənmədi. Rəşad Əhmədov bir qədər də qətiyyətli olmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti