"Zirə"nin "Qarabağ"a da uduzacağını gözləyirdilər”

6 May 2021 17:40 Premyerliqa 1 123
"Zirə"nin "Qarabağ"a da uduzacağını gözləyirdilər”

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 25-ci turunun "Sumqayıt" - "Sabah" (0:2) və "Qarabağ" - "Zirə" (1:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Sumqayıt" - "Sabah"
"Zirə"nin "Qarabağ"la heç-heçə etməsindən sonra "Sumqayıt" ilk üçlükdə qalmaq üçün bu matçdan mütləq qalibiyyətlə ayrılmalı idi.

"Sabah"ın öncəki tur "Neftçi" ilə oyunda göstərdiyi qətiyyət bu turun "Sumqayıt" üçün asan olmayacağına bir siqnal idi.

Ramin Quliyevin gəlişindən sonra futbolçularla düzgün dil tapması “Sabah”ın oyununa çox yaxşı təsir göstərib. Bunun nəticəsidir ki, artıq bir neçə turdur uduzmurlar.

Kollektivdə mübarizlik artıb. "Sumqayıt"la oyunda da bu mübarizlik görsəndi. İlk dəqiqələrdən üstün olan tərəfi idilər. Meydanın hər qarışı uğrunda döyüşürdülər.

"Sumqayıt" sevdiyimiz komandalardan biridir, yaxşı oyun göstərirlər. Amma bəzən sanki komandada arxayınlıq yaranır. "Neftçi" üzərindəki qələbədən sonra da bir neçə tur oyunu yaxşı alınmamışdı. Ərazi üstünlüyünü çox gec ələ ala bildilər.

Kamal Umudluya qarşıdakı oyunlarda daha qətiyyətli olmağı arzu edirəm. Müəyyən dəqiqələrdə futbolçuları bağışlamağı bacarmaq lazımdır. Bu qədər sarı vərəqə paylamağa ehtiyac yoxdur.

"Qarabağ" - "Zirə"
"Neftçi" başda olmaqla, hər kəsin maraqla gözlədiyi oyun idi. "Zirə"nin kubokda “Keşlə”yə uduzmasına rəğmən, həmin oyundakı ağrı-acını unudub,

"Qarabağ"a qarşı çoc yaxşı mübarizə göstərdilər. Haqlı olaraq ilk 10 dəqiqədə artıq hesabda önə çıxdılar.

Oyun göstərirdi ki, komanda çox həvəslidir və üçüncü yer üçün mübarizə aparmağa qərarlıdır. Rəşad Sadıqovun rəhbərliyi altında "Zirə" bu il yaxşı oyun sərgiləyir.

"Keşlə"yə məğlubiyyətdən sonra əksər mütəxəssislər "Zirə"nin "Qarabağ"a da uduzacağını gözləyirdilər. Ancaq "Zirə" özünü isbatlamış komandadır, öz sabit oyunu ilə avrokuboklara getməyə layiqdir.

Bilirdilər ki, üçüncü yer uğrunda mübarizədə "Qarabağ"dan xal almalıdırlar. Bunun da öhdəsindən layiqincə gəldilər.

"Qarabağ"da Filip Ozobiçin yoxluğu özünü göstərir. Bu səbəbdən, top saxlamaq, ara ötürmələri azalıb. Abdullah Zubir fərdi olaraq yaxşı təsir bağışladı.

Qara Qarayev və Mahir Emreli də öz oyunları ilə seçildilər. Hesabda geri düşmələrinə baxmayaraq bərabərlik qolunu vurmağı bacardılar.

Mənə elə gəlir ki, baş hakim Rəşad Əhmədov oyunun sonuna yaxın “Qarabağ”ın qapısına penalti vermədi. Bu da hakimlərin son turlar qətiyyətsiz olmasını göstərir.

Bu,birbaşa oyunun taleyin həll edəcək qərarlardır. Hakimlərin çoxunun qiyməti bu tur aşağı olacaq. Çox qətiyyətsizlik göstərirlər.

Oyunçunun hansı dəqiqədə olur-olsun, etdiyi kobudluğa verilən qərar hamı üçün eyni olmalıdır. Əgər sarı və qırmızı vərəqəlik epizod varsa, vaxtında həmin oyunçu cəzalanmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"