Premyer Liqada neçə klubun çıxış edəcəyi ilə bağlı AFFA-DAN XƏBƏR

20 Aprel 15:00 Premyerliqa 2 257
Premyer Liqada neçə klubun çıxış edəcəyi ilə bağlı AFFA-DAN XƏBƏR

Premyer Liqanın növbəti mövsümün yenə də 8 klubun iştirakıyla keçirilməsi nəzərdə tutulur.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, say artımının olması barədə müzakirələr arxa plana keçib.

Buna səbəb büdcədə yaranan maliyyə çatışmazlığı və əlavə sponsorlarla bağlı axtarışların uğursuz nəticələnməsidir.

Federasiya bir neçə şirkətlə bu yöndə danışıqlar aparsa da, onlarla anlaşma əldə etməyə müvəffəq olmayıb. SOCAR-a gəlincə, AFFA neft şirkətindən ayrılan maliyyə vəsaitinin artırılmasını gözləmir.

2016-cı ildən etibarən Premyer Liqada 8 komanda mübarizə aparır. Federasiya 2 ildir bu rəqəmi 10-a çatdırmağı planlaşdırır, gəl ki, koronavirus pandemiyası və onun yaratdığı problemlər üzündən ictimaiyyətin gözləntilərini həyata keçirməyə çətinlik çəkir.

Bu dəfə ümidlər çox idi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov belə, məsələnin ciddiliyinə diqqət çəkmiş, Premyer Liqada say artımına getməyin zamanının çatmasını etiraf etmişdi.

Bəlkə də qarşıdakı həftəloərdə hədəflər yenə dəyişəcək, federasiya iştirakçı sayını 10-a çatdırmağın yollarını tapacaq. Bu gün üçün bu, hələlik real görünmür.

Olsa, 3 bölgə klubu arasında seçim ediləcək. Vəziyyət düzəlsə, AFFA-nın «Kəpəz»ə deyil, «Turan Tovuz»la «Zaqatala»ya üstünlük verəcəyi deyilir.

Digər Xəbərlər
Xəbər Lenti