"Neftçi"də Kamran Quliyev epoxası bununla bitməlidir

18 Sentyabr 2020 12:02 Neftçi 1 377
"Neftçi"də Kamran Quliyev epoxası bununla bitməlidir

"Neftçi TV"də demişdim ki, tarixinin ən önəmli oyunlardan birindən öncə klubu tənqid etməyəcəm.

Matç bitdi, zaman yetişdi.

Qarşıdan gələn kağız üzərində prinsipial görünən oyun da heç bir əhəmiyyət daşımır. Çünki "Qarabağ" çempiondu. Və buna zərrə qədər də şübhəniz olmasın.

Gedin evi-eşiyi satın, "Qarabağ"ın çempionluğuna pul qoyuluşu qəbul edən bukmeker kontoru varsa atın buna. "Neftçi" "Qarabağ"ı udsa, uduzsa, heç-heçə etsə və ya başqa nəsə yaşansa heç nə dəyişəsi deyil. Komanda ən yaxşı halda ikinci olacaq.

Bu mübarizə imitasiyası, hay-küy hamısı boş şeydi. Azərbaycan futbolunun real səviyyəsi millinin Lüksemburq, klublarımızın "Şkendiya", "Laçi", "Mölde", "Qalatasaray"la oyunlarında bir daha təsdiqləndi. Qayıdaq "Neftçi"yə...

Baş məşqçi, icraçı direktor, prezident və s. və i. hamısı getməlidi. Normal məntiq bunu deyir. "Neftçi" kimi klub bu cür rəzil vəziyyətdə olmamalıdı.

Kamran Quliyev epoxası bununla bitməlidi. Çünki onunla daha böyük uğurlar qazanılası deyil. Komanda onun rəhbərliyi dövründə mümkün olan maksimum nəticəni qazandı, yaxşı futbolçular alındı, son illərdə ən yaxşı heyət formalaşdırıldı.

A komandası ilə bundan artığını etmək mümkünsüzdü, ikinci yerdən yuxarı qalxmaq real deyil. Bunu azarkeşlər də bilir. Sadəcə, hər dəfə "Filankəs getsin düzələcək, bəhmankəs gəlsin düzələcək" nağılları ilə özlərini və sadəlövh amma "Neftçi"ni heç bir təmənnasız və səmimi sevənləri aldadırlar.

"Santa Barbara" serialı kimi, acı bağırsaq kimi uzanan bu nağıllar, xəyallar-xülyalar 8 ildi davam edir. Elnur Məmmədov, Orxan Hüseynzadə kimi gənc kadrlar, neçə-neçə baş məşqçi və s. qurban verildi. Hətta, Çingiz Abdullayev kimi dahi illərdi yazıçılıqla dünya aləmdə qazandığı nüfuzu az qalmışdı

"Neftçi"dəki vəzifəsinə görə itirə. Məntiqlə sıra Kamran Quliyevdədi. Amma nədənsə azarkeşlər nə prezident Kamran Quliyevin, nə vitse-prezident Elnur Eyvazovun, nə də başqasının adını çəkmir. Hamı Ceyhun Sultanovu və Füzuli Məmmədovu istefaya səsləyir.

Əslində azarkeşlər yaxşı bilir ki, Ceyhunun, Füzulinin, lap elə Kamranın, Elnurun yerinə gələcək adamlar da növbəti qurbanlar olacaq. Onlar da maksimum ikinci yer tutub məqamı gələndə söydürülüb qovulacaqlar. Sonra başqa prezident, baş məşqçi və s. və i. gələcək. Onlar da eyni aqibəti yaşayacaq və məqamı çatanda biabırçı şəkildə göndəriləcəklər. Bu proses sonsuza qədər davam edənə oxşayır.

Hələlik sıra Füzuli Məmmədovla Ceyhun Sultanovdadı. Sultanov bir dəfə çıxışında demişdi ki, mən Kamran Quliyevlə gəlmişəm, o gedəndə də gedəcəm. Bilmirəm Quliyev də belə söz deyib ya yox, amma normal etik qaydalara görə Ceyhun Sultanov göndərilsə Kamran müəllim də istefa verməlidi.

Ceyhun Sultanovu 20 ildən artıqdı tanıyıram. Həm yaxşı futbolçu idi, həm yaxşı insandı, həm də işini bilən mütəxəssisdi. Ən azından keçənmövsümkü normal şərtlərdə çempionluq qazanacaq gücdə olan heyəti o toplamışdı. Normal şərtlər o vaxt olur ki, klubun bir gerçək prezidenti olur, siyasət futbola qarışmır, korrupsiya, rüşvət klubun qapısından içəri girə bilmir və s. və i. "Neftçi"də bu yoxdu. Bunun da günahı nə Ceyhun Sultanovdadı, nə Kamran Quliyevdə, nə də Füzuli Məmmədovda. "Prezident" sözü nə qədər cəlbedici və əzəmətli səslənsə də Kamran Quliyev özü də bilir ki, o "Neftçi"nin formal prezidentidi. Bu mənada Elxan Məmmədov sənətkardı. İcraçı vitse-prezident vəzifəsini əla fikirləşib. "Neftçi"nin prezidenti vəzifəsinin önünə də icraçı sözü əlavə edilsə bəlkə də bu bir az azarkeşlərin təzyiqini azaldar. Onlar anlayar ki, klubda Kamran müəlimdən daha böyük fiqurlar da var. Əslində azarkeşlərin əksəriyyəti bunu yaxşı bilir. Amma ən uzağı hərdən Kamran Quliyevi tənqid edib istefaya səsləməklə kifayətlənir. Hər halda mən indiyəcən "Neftçi" azarkeşlərinin Rövnəq Abdullayevi, Mikayıl İsmayılovu, Elşad Nəsirovu, Cəbrayıl Cəbrayılovu və başqa "ağsaqqaları" istefaya səsləyən görmədim.

İndi artıq Kamran Quliyevi də istefaya səsləyən çox azdı. Hədəfdə Füzuli Məmmədovla Ceyhun Sultanovdu. Olsun. Amma azarkeşlərimiz bilməlidi ki, "Neftçi"yə kim gəlir gəlsin Lazım gəlməsə ikinci yerdən o tərəfə ümid etməyə dəyməz. "Neftçi"də əgər hansısa yeyinti, korrupsiya və başqa xoşagəlməz məqamlar varsa bu istisnasız bütün klublarda, federasiyada, bütün idman növlərində və ümumiyyətlə bütün sahələrdə var. Bunun günahı isə nəinki, Füzuli Məmmədov, Ceyhun Sultanov, Kamran Quliyevdədi, heç Elxan Məmmədov, Cəbrayıl Cəbrayılov, Elşad Nəsirov, Mikayıl İsmayılov, Rövnəq Abdullayevdə də deyil!

Hərdən özünüzü elə aparırsınız sanki, kosmosdan, marsdan, Amerikadan, İsveçrədən, Norveçdən filan gəlmisiniz. Biz buyuq da! Qayəmizdi bu.

Bu başqa məsələ ki, özünə hörmət edən kəs bilə-bilə ki çempion olmaq heç üfüqdə də görünmür təklif və status nə qədər cəlbedici olsa da klub prezidentliyinə və ya başqa hansısa məsul vəzifəyə razılıq verməz. Nə isə...

Gedin "Qarabağ"la oyuna hazırlaşın, qarşıda çox ağır marafon var - analoqu olmayan futbol çempionatında ikinci yer uğrunda mübarizə marafonu...

"Santa Barbara"nın köhnə-yeni serialları qabaqdadı. Yaşasın, Kepvellər ailəsi!!!

P.S. Öz aramızdı, Santa Barbara şəhərindəki hadisələr daha maraqlı idi. Ən azı Kelli, İden, Culiya kimi ceyranlara baxanda göz bayram edirdi.

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti