“Neftçi” rəhbərliyi yanımıza necə gəlsin? Bizi üzməkdən başqa heç nə etməyiblər."

16 Fevral 2020 22:50 Neftçi 1 104
“Neftçi” rəhbərliyi yanımıza necə gəlsin? Bizi üzməkdən başqa heç nə etməyiblər."

Hər il fevralın 9–u “Forza Neftçi” üçün əlamətdar gün sayılır.

Düz 11 il əvvəl, “ağ-qaralar” qızıl dönəmə qədəm qoyarkən, lap dəqiq desək, 2009-un bu tarixində sonradan varlığı ilə bir çox qrupların, məşqçi və futbolçuların canına vəlvələ salacaq “Forza Neftçi” yaradıldı.

İlk dönəmlərdə sıraları o qədər də geniş deyildi. Kiçik heyətlə başladılar, zamanla böyüdülər, xüsusən də “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “böyük oyun”ların hesabına varlıqlarını futbol ictimaiyyətinə göstərdilər.

Yay-qış bilmədən tribunadakı yerini tutan, ev-səfər oyunu bilmədən stadionlara axın edən qrupun üzvləri çılğınlığı və “Neftçi” sevgisi ilə ad çıxarıb. Onların tək istəyi var: “Neftçi”ni çempion gormək, avrokuboklardakı uğurlarına şahidlik etmək.

Təəssüf ki, sevimli komandaları bu dəfə də onların üzünü güldürə bilmədi. Bakılıların əzəli rəqibi “Qarabağ”la oyunda qələbəyə həsrət qalmasına baxmayaraq, fanklub üzvləri önəmli günü təmtəraqla qeyd etməyi özlərinə borc bilmişdilər.

Sosial şəbəkələri bəzəyən şəkillərdə qrupda yer alanların hansısa restoranda bir araya gəldikləri, yeyib-içdikləri, bir sözlə, əyləndikləri açıq-aşkar görünür.

Maraqlıdı, tədbirin təşkilatçısı kim olub? Neçə nəfərlik dəstə ilə yığışıblar? Klub rəhbərliyi səviyyəsində “Forza Neftçi”yə hansı kömək göstərilib? Diqqəti hansı mənada yetiriblər? Bu və başqa sualların cavabını azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə söhbətdə öyrənməyə çalışdıq (Futbol+:

“Həmişəki kimi uşaqlar öz aramızda pul yığıb Mərdəkanda restoran sifariş etmişdik. 80 nəfər idik, hamı gücü çatandan qoymuşdu, nəticədə gözəl yığıncaq oldu. Əslində sayımız daha çox ola bilərdi. Sadəcə, bəzi uşaqların işi çıxdı, gələ bilməyənlər oldu. Həm də restoranda yığışanda 200-300 nəfərlə alınmır. Buna baxmayaraq, hər şey ürəyimizcə oldu.
Əslində 11 yaşımızı özümüz üçün uğurlu hesab edirik. “Neftçi” uğursuzluqları sıralasa da, geridə qalan 1 ilin bizim üçün yaxşı alındığını deməliyəm. Xatırlayırsızda, yayda 11 günlük Moldova səfərimiz oldu. Bu səfərdə nə qədər əziyyət çəkdiyimizi illər keçsə də, unutmaq mümkün deyil. Ardınca Tula səfərində komandanın yanında olduq, ilboyu tribunadakı varlığımızı göstərdik. Bizim üçün hərtərəfli uğurlu il oldu. Allah qoysa, 12 yaşımızı bundan da yaxşı qeyd edərik. “Neftçi” yaxşı oynayanda, uğur qazananda, kefimiz qat-qat yaxşı olur, etdiyimiz hər şeyi halal edirik. Özümüz də öz işimizdən zövq alırıq. “Neftçi”də kim bizi incidirsə, haqqımızı onlara halal etmirik. Orda maaş alan hər kəs istər meydanda, istərsə də ondan kənarda “Neftçi”nin adı üçün canını qoymalıdı. Çünki azarkeş qrupu olaraq çox əziyyət çəkirik, cibimizin pulunu xərcləyirik. Bunun qarşılığının heç olmasa, 20 faizini görəndə adama ləzzət edir”.
Şəkillərə baxanda klub rəsmilərindən, rəhbərlərindən, məşqçi və futbolçulardan kimisə görmək mümkün deyil. Bəlkə də tədbirdə iştirak etməyiblər, bəlkə də gəlib tez gediblər, bəlkə də şəkillərdə görünmələrini istəməyiblər. Sən demə... : “Klubdan heç kim gəlməmişdi. Heç bir nəfər də yox idi. Özümüz idik, bir də futzal komandamızın futbolçuları. Desəm ki, 11 illiyimizdən xəbərləri yox idi, yalan olar. Əlbəttə, bilirdilər. Klubun Mətbuat və Marketinq Departamentinin işçiləri sağ olsunlar, rəsmi səhifədə “Forza Neftçi”ni təbrik etmişdilər. “Qarabağ”la oyundan sonra baş məşqçi Füzuli Məmmədov qələbə qazanıb, bizi sevindirə bilmədiklərinə görə üzüldüklərini dilə gətirmişdi. Yəni ad günümüzdən xəbərsiz deyildilər. Bugünkü vəziyyətdə “Neftçi” rəhbərliyi yanımıza necə gəlsin ki? Azarkeşi üzməkdən başqa heç nə etməyiblər. Kubokda büdcədə “Neftçi”dən 10 dəfə zəif olan “Sumqayıt”a “ilişiblər”, çempionatda liderdən 8 xal geridədilər, ortada da düz-əməlli futbol yoxdu. Yenə Füzuli Məmmədov sağ olsun ki, bizim üçün qələbə qazanmaq istəyirdi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı