Vəzifəpərəst Kamran Quliyev "Neftçi"ni intihara sürükləyir!

26 Yanvar 2020 14:20 Neftçi 1 622
Vəzifəpərəst Kamran Quliyev "Neftçi"ni intihara sürükləyir!

"Neftçi" Antalya toplanışını 3 məğlubiyyətlə başa vurdu. Biri Roberto Bordinin "pay"ına düşdü, qalan ikisi Füzuli Məmmədovun.

Kamran Quliyev sonuncudan çox ümidlidir. Prezident mövsümün sonunadək komandanı çalışdıracaq gənc adama elə ümidlidir ki… Heç olmayan qədər!

Bu, çox qorxuludur. Görünür, Quliyevə silahdaşları qədərindən artıq "qaz" verib, Məmmədov haqda bir sürü nağıllar danışıblar. Problem bircə baş məşqçidə olsaydı, "Neftçi"nin dərdi nə idi ki…

Bordin artıq buraları tərk edib. Güclə də olsa, yola salıblar, gedib. Pulunu, parasını alacaq, bəlkə də almalı olduğundan bir az da artıq. İndi o, haralardadısa, yüz faiz oradan "Neftçi"ni izləyir, oyunlarına baxır, sabiq klubdaşlarının onun haqda söylədiklərinə diqqət yetirir.

Tam ciddiyyəti ilə yox, elə-belə. Bir gün ona lazım olacaq. Nədən "Neftçi"də uğursuzluqla üzləşdiyini dilə gətirmək, olub-bitənləri aydınlatmaq üçün.

Mütləq söyləyəcəyi bir şeylər, həqiqətlər var. "Neftçi"də keçirdiyi ilyarımın son 1 ilini klub rəhbərliyi ilə dava-şavaya həsr edən, daim Ceyhun Sultanovun üzərindən Kamran Quliyevlə kəllə-kəlləyə gələn, prezidentlə didişə-didişə əli işdən soyuyan, yekunda futbolçuların üstünə qaldırılmasıyla postunu itirən italyanın bundan belə sözünün başı da, axırı da qılınctək kəsərli olacaq, kəsəcək.

"Neftçi"nin Məmmədovla ötənilki nəticəni təkrarlaması uğur sayılmayacaq. "Qarabağ"ı zirvədən salsalar, başqa məsələ. Onda mən də klub rəhbərliyindən tələb edəcəm ki, onunla uzunmüddətli müqavilə bağlansın. Sadəcə, bəzi nüanslar var ki, nədənsə onlar gözardı edilir. Biri elə Məmmədovun təcrübəsizliyi, xarakterindən doğan ziddiyyət və tündlük.

Buna qədər iddialı klubda çalışmayıb. Həmişə yeniyetmə və gənclərlə işləyib. Bığ yeri yenicə tərləməyə başlamış futbolçularla işləməyə, üstünə qışqırmağa öyrəşib. Narahatam, çünki "Neftçi"nin futbolçuları, əsasən də legionerlər ərköyünləşib.

Ceyhun Sultanov onları belinə mindirib. İndi dostu və qohumu Füzuli Məmmədovu vəzifədə saxlamaq, qorumaq, nəticə verməsi üçün onları kürəyindən aşağı endirməlidir, hərəsinə öz yerini göstərməlidir.

Hamısının əlində müqaviləsi var, dünənədək əl və ayaqlarını sığallamasına alışdıqları Sultanovun sifətinin rənginin, səsinin tonunun dəyişdiyini görsələr, güman eləmirəm ki, yeni baş məşqçinin ətrafında sıx birləşsinlər, yumruq olsunlar, bir hədəfə vursunlar.

İdman direktoru bu ilyarımda futbolçuların nazıyla çox oynayıb, aranı açıb, subardinasiya sərhədini götürüb, artıq ona da balansı təmin etmək çətinlik yaradacaq. Bordindən bir balaca narazı olan kimi Sultanovun üstünə qaçan legionerlər bilir ki, Məmmədov onun öz adamıdır, yaxınıdır, indi kimdən kimə şikayət etsinlər…

Bu, olacaq. Yazın bir yerə, vaxtı gələndə yadınıza salarsız. Füzuli Məmmədov ifrat dərəcədə aqressiv, əsəblərinə hakim ola bilməyən, bir saniyənin içində partlayan "bomba" və gec soyuyan daş "soba"sıdır.

Dilinə gəldisə, deyəcək. Ürəyindən keçdisə, içində saxlamayacaq. Əsəbi oldusa, çığırıb-bağıracaq. Meydandakı adi bir səhvə görə özünə bir əl qatsın, gəl görəsən!

Baqali Dabo, Stiven Monroz, Dario Frederiko, Voyislav Stankoviç, lap elə Səlahət Ağayev, Rəhman Hacıyev və başqaları udacaqmı onun bu "hava"sını? Heç inanmağım gəlmir.

Kamran Quliyevə Roberto Bordindən qurtulmaq lazım idi, axır vaxtlar saman altından çox su yeridirdi. İtalyan yalnız arxalarınca danışmırdı, sözünü, fikrini üzlərinə də deyirdi, narazılığını faktlarla sadalamaqdan çəkinmirdi.

Füzuli Məmmədov bunların heç birini etməyəcək, sözsüz.

Lakin bu, Kamran Quliyevin xilasına, Bordini göndərmək qərarının doğruluğunun isbatına, azarkeşlərin haqlı narazılığını, təzyiqini durdurmağa kifayət eləmir. Əsas iş meydandadır, meydandakılarla bağlıdır.

Məmmədov Quliyevə yarınıb futbolçularıyla sərt davranmaq yolunu seçsə, özünü də, "Neftçi"ni də, kirvəsi olduğu Sultanovu da, elə prezidenti də "yandıracaq". Samir Abasova baxsın, Böyükağa Hacıyev olmağa tələsməsin.

Füzuli Məmmədov hələ böyüməyib, böyüməsinə də vaxt lazımdır. "Neftçi" böyük klubdur, təcrübə laboratoriyası deyil və bunu Quliyevlə Sultanov kimi həlləm-qəlləm adamların başa düşməməsinə, başa düşmək istəməməsinə təəssüflənirəm.

Vəzifəni itirməmək, qazandıqlarının əldən çıxmaması üçün saman çöpündən yapışıblar. Özü idarə olunan Füzuli Məmmədova bu boyda komandanın idarəçiliyini tapşırmaq… İntihardır! "Neftçi"nin intiharı!

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"