"Neftçi" rəhbərliyinin 40 günü və ya 99 % qarayaxması

19 Yanvar 2020 10:52 Neftçi 1 165
"Neftçi" rəhbərliyinin 40 günü və ya 99 % qarayaxması

Hər şey qaydasındaymış. Komanda daxilində ab-hava normalıymış. Futbolçular və məşqçilər korpusu arasında heç bir problem yoxmuş.

Ümumiyyətlə, belə məlumatı yayımlayanların son vaxtlar yazdığı yazıların 99 %-i yanlış imiş. Bütün bu informasiyaların hamısı yalanmış və həqiqəti əks etdirmirmiş.

Daha sonra…

"Sadəcə, biz bu cür aparılan çirkin qarayaxma kampaniyasının məlumatlarına açıqlama vermək istəmirik. Çünki azarkeşlərimiz nəyin doğru, nəyin yalan olduğunu yaxşı bilir. Bu xəbərləri oxuyan hər kəs görür ki, bu cür xəbərləri ya özləri təkzib edir, ya da bir müddətdən sonra həqiqət olmadığı üzə çıxır. "Neftçi” ictimaiyyətə qapalı bir klub deyil. Komanda ilə bağlı istənilən sorğu cavablandırılır və münasibət bildirilir".

"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev ötən gün təkzib səpgili belə bir açıqlama vermişdi. Sportinfo.az-ı gözdən salmağa hesablanmış bir şeylər söyləyən klubun press-ateşesi dünən gecə saatlarında daha bir xəbəri rəsmi saytda yerləşdirdi.

Orada deyilirdi: “Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar qəbul edilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb“.

Öz uğursuzluqlarına don geyindirməyə çalışanların uydurduğu yalanların üstünün açılması heç 40 gün çəkmədi. Cəmi 1 gündən sonra…

İndi kimin kimə qarşı qarayaxma kampaniyası aparması məlumdur artıq - yəqin ki, dəyərli Rüstəm Allahverdiyevin özünə də, ona inanıb həmin xəbəri paylaşanlara da.

Hə, dostlar… Nə oldu indi? Qəfildən pişik asqırdı deyə, Roberto Bordin getdi? Bəs deyirdiz ki, komandada hər şey qaydasındadır, ab-hava normaldır?

Demirdiz ki, Bordinlə futbolçular arasında heç bir problem yoxdur? Elə idisə, baş məşqçini vəzifəsindən uzaqlaşdırmaq istəyi nədən gecənin bir yarısı Kamran Quliyevə güc gəldi?

Olmaya, klubun əlahəzrət və düzünəqulu prezidenti yatıb yuxusunda Bordinsiz "Neftçi"nin çempionluq titulunu qazanacağını görüb?

Hər klubda olduğu kimi, "Neftçi"də də dostlarımız çoxdur. Hər gün buradan müxtəlif bilgilər alırıq. Hamısını yazmırıq, düzdür.

Öyrəndiyimiz hər məlumatı tirajlasaq, gərək, Kamran Quliyevlə Ceyhun Sultanov o bazada 1 saatdan artıq oturmasın. Bizim isə onlarla heç bir qəsd-qərəzimiz yoxdur. Niyə olsun? Onlar kim, biz kim…

Sportinfo.az-ın davası haqq-ədalət davasıdır, onlarınkı isə pul, daha çox qazanmaq. Eh, bu illər ərzində "Neftçi"dən kimlər gəldi, kimlər getdi, kimləri gördük. Bu adamlar da "Neftçi"ni tutub qalmayacaqlar, bir gün rədd olacaqlar/rədd ediləcəklər. Vaxtı var, darıxmayın.

Hə, belə-belə işlər… Rüstəm Allahverdiyev yaxşı insandır, yaxşı işçidir, məsuliyyətlidir. Amma təəssüf ki, "Neftçi"də onu işdən çox uzaq tuturlar. Bu üzdən hər gün gedib-gəldiyi klubun düşərgəsində olub-bitənlərin 99 faizindən özünün xəbəri yoxdur. Ya da ki…

Çünki nə Quliyevin adamıdır, nə Sultanovun. Bura başqa vasitəçi ilə gəlib deyə, rəhbər şəxslər ona qəlb qızdırmırlar. Bunu isə o, açıb-deyə bilmir, məcburdur çulunu sudan çıxarmaq üçün bizə tərəf hücuma keçsin. Sonda özü gülünc vəziyyətdə qalsa belə.

SPORTİNO.AZ

Digər Xəbərlər
Xəbər Lenti