“Sabah” bu gün Çempionlar Liqasında debüt edəcək.
Başa çatan mövsümü “qızıl dubl”la başa vuran “tələbələr”in Avropanın bir nömrəli klub turnirində inamlı çıxış edəcəyinə ümid böyükdür.
Ən azından püşkatmanın nəticələri, yəni bəxtinə düşən rəqiblərin adları bu cür düşünməyə əsas verir.
Təmsilçimiz 1-ci təsnifat mərhələsində son Uels çempionu TNS-lə münasibətlərinə aydınlıq gətirəcək ki,ilk oyunun Bakıda keçirilməsi bizimkilərin xeyrinədir.
Niyə?
Çünki səfər matçları TNS-in ən zəif yeridir.
1996-cı ildən avrokuboklarda mübarizə aparan uelslilərin kifayət qədər təcrübəli olduğunu deməliyik. Beynəlxalq arenalarda 96 matç keçirən Britaniya təmsilçisi 48 dəfə səfərdə meydana çıxıb.
Statistik göstəricilər TNS-in halına “ağlayır” – 36 məğlubiyyət, 5 heç-heçə və 6 qələbə.
* TNS son 5 səfər qarşılaşmasının hamısında məğlub olub.
* TNS sonuncu səfər qalibiyyətini 2024-cü ilin avqust ayında Litvada “Panejevis” üzərində qazanıb – 3:0.
* TNS səfərdə meydana çıxdığı son 14 qarşılaşmanın yalnız 1-də qalib gəlib, 1 dəfə heç-heçəyə razılaşıb, 12 halda məğlub olub.
* TNS səfərdə meydana çıxdığı son 14 qarşılaşmada rəqib qapılarına 12 dəfə yol tapıb, öz qapısından 30 top buraxıb.
* TNS avrokuboklar tarixində ilk dəfə Qafqaza səfər edəcək. İndiyə qədər yolu Azərbaycan, Gürcüstan və Ermənistan klubları ilə kəsşməyib.
Statistikadan da göründüyü kimi, Uels çempionu kənarda inamlı təsir bağışlamır. Lakin bir fakt var ki, səfərdə qol vurmaq bacarığına malikdir. Sonuncu dəfə 2024-cü ildə Macarıstanda “Ferenetsvaroş”un önündə darmadağın olub – 0:5.
“Sabah” bu üstünlükdən mütləq yararlanmalıdır. Uzun və yorucu yolçuluq, iqlim və saat fərqli, rəqib meydan amili – hər biri TNS-in ziyanına işləyəcək.
Gələn həftə Britaniyaya nisbətən rahat yollanmaq üçün bu axşam mümkün qədər çox qol vurub böyük hesablı qələbə qazanmaq lazımdır. TNS-in stadionunda “Sabah” üçün çətin olacaq.
“Bank Respublika Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

