Konfrans Liqasındakı iki təmsilçimizdən biri – “Zirə” mübarizəyə başlayır.
“Qartallar” 1-ci təsnifat mərhələsi çərçivəsində Kutaisi “Torpedo”su ilə münasibətlərinə aydınlıq gətirəcək ki, ilk oyun Sumqayıda baş tutacaq.
Meydan sahibi klub “SOCAR Polymer Arena”da gerçəkləşəcək dueldən iki gün əvvəl biletləri satışa çıxarıb.
Biletlərin qiyməti 5-50 manat aralığında təşkil edir. Satış nöqtələri isə Bakıda olacaq. Biri Zirə İdman Kompleksində, digəri “Azfar”ın “Baku Arena” filialında.
“Zirə” rəsmilərinin biletlər üçün təyin etdiyi start qiyməti və satış nöqtələri azarkeşlərin haqlı etirazıarına səbəb olub.
Klubun sosial şəbəkə hesablarının rəy bölməsində etiraz edən futbolsevərlər Konfrans Liqasının matçına təyin olunan başlanğıc qiymətin “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışları zamanı nəzərdə tutulan bilet qiyməti ilə eynu tutulmasını qəbul etmir.
Digər problem satış nöqtələri ilə bağlıdır. Qeyd etdiyimiz kimi, oyun Sumqayıtda baş tutacaq. Lakin o yekəlikdə şəhərdə bilet satışı nəzərdə tutulmayıb. Hətta onlayn satış da nəzərdə tutulmayıb.
Məlum olur ki, qarşılaşmanı stadionda izləyib, “Zirə”yə azarkeşlik etmək istəyən şəxslər isti hava şəraitində, təxminən 70-80 kilometr yol qət edib biletə sahiblənmək üçün paytaxta gedib-qayıtmalıdır.
Onsuz da azarkeş sarıdan əziyyət çəkdiyimiz dönəmdə zəhmətə qatlaşacaq neçə nəfər tapılar? 10, uzağı 20 nəfər.
Bəs, Konfrans Liqasının 1-ci mərhələsi üçün 5, 10,20 manata bilet almaq sevdasına düşən neçə nəfər var? 10, uzağı 20 nəfər.
Görünür, “Zirə” rəsmiləri sektorların dolmayacağından ehtiyat etmir. Bəlkə də Zirədən Sumqayıta gələnlər tribunaların yarısını dolduracaq deyə, müəyyən rahatlıq var.
Azarkeş narahatlığı və ya narazılığı varsa, mütləq həll yolu tapılmalıdır. Ən azından biletlərin Sumqayıtda satışını təmin etmək mütləqdir.
İyulun 8-də baş tutacaq oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

