Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın Avstriya toplanışı başa çatdı.
Avropadakı hazırlıq mərhələsində əsas diqqət fiziki hazırlığın yaxşılaşdırılmasına və oyun planında irəliləyişə nail olmağa hesablanmışdı ki, bu mənada keçirilən üç yoxlama görüşü yerinə düşdü.
Rəqiblər təmsilçimizin dişinə görəydi ki, son Rumıniya çempionu “Universitatya Krayova” və Macarıstanın 2-cisi “Ferenetsvaroş”la hər iki görüş 1:1 hesabı ilə başa çatdı, sonuncu qarşılaşmada “tələbələr” Ukraynanın 3-cüsü “Polissye”yə 1:4 hesabı ilə uduzdu.
“Sabah”ın Avstriyada qələbə qazana bilməməsi və 3 oyunda qapısından 6 top buraxıb, cəmi 3 qol vurması azarkeşlərdə narahatlıq yaradıb.
Əksəriyyət Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin Çempionlar Liqasında diaskoya düçar olacağını iddia edib, Avropanın bir nömrəli klub turnirində “Qarabağ”ın iştirak etməyəcəyinə görə təəssüf hissini gizlətmir.
Əvvəla qəbul etmək lazımdır ki, hazırlıq mərhələsindəki yoxlama matçları baş məşqçilər üçün test meydanıdır. Həm fərqli oyun modellərini sınaqdan keçirmək, həm də gənclərə şans vermək baxımından əla fürsətdir.
Dambrauskas bu dəfəki toplanışda heyətlərlə bağlı rotasiyalar etməklə həm A, həm də B planını nəzərdən keçirməyə çalışırdı. Düzdür, start “11-liy”indəki adlar əsas heyətin üzvləri idi. Lakin irəliləyən dəqiqələrdə az şans qazananlar və gənclərin də meydana çıxması istər-istəməz oyun keyfiyyətinə təsir edirdi.
İqor Noqeyranun komandanı tərk etməsi müdafiənin mərkəzində müəyyən boşluqlara yol açıb. “Qızıl dubl” edən heyətdə Noqyra-Solvet dueti həqiqətən əla təsir bağışlayırdı. İndiki vəziyyətdə müdafiə xəttinin yerinə oturması üçün bir neçə oyuna ehtiyac var.
Stas Pokatilovun rəqabətsizlik fonunda ciddi səhvlərlə diqqət çəkməsi də anlaşılandır. Hər nə qədər təcrübəli olsa da, ehtiyatda qapıdakı yerə göz diikən birinin olmaması oyununa təsirsiz ötüşmür. “Sabah” rəhbərliyi mütləq və mütləq bu boşluğu aradan qaldırmalıdır.
Və ən vacibi, Dambrauskasın uzaqgörənliyi. Sözsüz, litvalı mütəxəssis Avropanın “göbəyində” bütün kartları açıb avrokuboklardakı rəqiblərin qarşısına qoymaz. Hər nə qədər komandanın oyun planında irəliləyişə nail olmağı düşünsə də, bir o qədər ehtiyatını gözləyir.
Qısası, Avstriyadakı nəticələr futbolsevərləri ruhdan salmamalıdır. Heyət böyük ölçüdə qorunub, baş məşqçi yerindədir, heyət də kifayət qədər güclənib.
Bu komanda ÇL-də azı iki mərhələ keçəcək gücdədir. İnanmaq və çalışmaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ

