Avropa çempionatında uğurla çıxış etsək, Azərbaycan voıeybolunda dirçəliş olacaq.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayev deyib.
"Federasiya prezidentinə təşəkkür edirəm ki, haqqımda xoş sözlər dedi. İnsan keçmişlə yaşamır. Tarixlə yaşamaq olmur. Voleybolçularımız bunu çox yaxşı başa düşürlər. Uğurlu çıxış etsək, Azərbaycan voıeybolunda dirçəliş olacaq", - deyə mütəxəssis vurğulayıb.
O, yarışa ciddi hazırlaşdıqlarını bildirib:
"Məşqçilər heyəti olaraq qızların psixoloji, taktiki və fiziki hazırlığını yüksək səviyyəyə çatdırmalıyıq. Sağ olsunlar, məşqçilərə hörmət edirlər. Komanda yaxşı başa düşür ki, qarşıda ciddi oyunlar var. Hazırlıq davam edir, Polina Rəhimova da komandaya qoşulub. İdmanda komanda ruhu önəmlidir. Məşqlər bundan sonra daha ağır və sərt keçəcək. Voleybolçular özlərini hazırlamalıdırlar".
F.Qarayev yoxlama oyunları keçirəcəklərini deyib:
"Hazırlıq üçün vaxtımız var. Yunanıstanda üç oyun keçirəcəyik. Latviya yığmasını Azərbaycana dəvət etmişik. Yəqin ki, Belarusla oyunlar da Bakıda keçiriləcək. Hazırlıq müddətində 9 matç keçirməyi planlaşdırırıq. İsrailə qarşı yaxşı oyun keçirdik. Məşq prosesi öz yerində, voleybolçuları zədədən də qorumalıyıq".
66 yaşlı mütəxəssis güclü komanda yaratmaq üçün əllərindən gələni etdiklərini söyləyib:
"Görülən işlərin nəticəsidir ki, Azərbaycan millisinin böyük hissəsi yerli voleybolçulardan ibarətdir. Qızların öz vətənlərində oynaması xoşagələn haldır. Əslində proses iki il əvvəl olsaydı, şansımız daha çox olardı. Əsas məqsəd qrupdan yaxşı nəticə ilə çıxmaqdır. Daha əvvəl güclü rəqiblərlə yaxşı oyun nümayiş etdiriblər. Hazırkı oyunçuların təcrübəsi var. Əlimizdən gələni edirik ki, güclü komanda yaradaq".
Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

