Bu, belə olmamalıdır.
Nə isə düz getmir və “Neftçi”nin rəhbərliyi, məşqçilər heyəti həmin problemi mütləq müəyyənləşdirməlidir.
Problem aradan qaldırılmalıdır. Bu, onların birbaşa vəzifəsidir və buna görə əməkhaqqı alırlar.
Bəli, “Dinamo” ilə qarşılaşmanın nəticəsinə görə hamı haqlı olaraq əsəbidir və narazıdır.
Komandanın belə nəticə göstərməsi azarkeşləri məyus etməyə bilməz. Ancaq qarşıda cavab oyunu olduğu üçün maksimum səbirli davranmalı və tələsik nəticələr çıxarmamalıyıq.
Komanda düşdüyü vəziyyətdən özü çıxmalı, xarakter nümayiş etdirməli və səhvlərini düzəltməlidir.
Bu mərhələnin keçilməməsinin heç bir bəraəti yoxdur. Rəqibin ilk “11-liy”ində 8 belaruslu futbolçu var idi, “Neftçi”də isə cəmi 2 yerli meydana çıxmışdı.
Dünən problemin nə olduğunu, komandanın oyununu, futbolçuların psixoloji və fiziki durumunu hamımız gördük.
Meydanda nə dinamika, nə inam, nə də qalib gəlmək istəyi lazımi səviyyədə hiss olunurdu. Bu isə azarkeşləri daha çox narahat edən məqamdır.
Buna baxmayaraq, mən yenə də bütün məsələlərə geniş toxunmağın və sərt qiymət verməyin tərəfdarı deyiləm. Gəlin cavab qarşılaşmasını gözləyək.
İndi əsas olan günahkar axtarmaq deyil, vəziyyətdən çıxış yolu tapmaqdır. Komandanın, məşqçilər korpusunun və rəhbərliyin qarşısında cəmi 7 gün var.
Papağınızı qarşınıza qoyun, yaratdığınız problemləri dərindən təhlil edin və rəqibi məğlub etməklə bu böyük səhvi düzəldin.
“Neftçi” bu nəticə ilə nə öz adına, nə tarixinə, nə də azarkeşlərinə layiq performans göstərdi. Lakin futbol elə oyundur ki, bir uğursuz matçdan sonra hər şeyi dəyişmək mümkündür.
Bunun üçün isə ilk növbədə meydanda xarakter, məsuliyyət və mübarizə ruhu göstərilməlidir.
Ümid edirəm ki, Konfrans Liqasının III təsnifat mərhələsində görüşəcəyik.
Hələlik isə bütün diqqətlər cavab oyununadır. Şans hələ də sizin əlinizdədir. Cavab qarşılaşmasında uğurlar!
MƏNdən deməkdir…

