“Neftçi”nin kapitanı: “Biz başımızı aşağı salmalı deyilik, borcumuz var”

13:20 Neftçi 77
“Neftçi”nin kapitanı: “Biz başımızı aşağı salmalı deyilik, borcumuz var”

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçirilən oyundan (2:4) sonra sualları cavablandırıb.

- Matçın əvvəlində 8-ci dəqiqədə 2:0 hesabı ilə önə keçsəniz də, sonradan hər şey tam dəyişdi. Nə baş verdi, “Neftçi” niyə bu cür acı məğlubiyyətlə üzləşdi?

- Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşluq yaradırıq, ya arxayınlaşırıq, oyuna nəzarəti tam itiririk. Azarkeşlərimiz möhtəşəm idilər. Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm. Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İnşallah, ikinci oyunda nəticəni xeyrimizə dəyişəcəyik.

- Oyunun qırılma nöqtəsi nə oldu?

- 2:0-dan sonra çox arxayın oynadıq. Elə bildik ki, artıq matçın taleyi həll olunub. Söz tapmaq olmur... Artıq neçənci dəfədir ki, 2:0 önə keçdikdən sonra üçüncü qolu vura bilmirik, əvəzində isə rəqib geri dönüş edir. İkinci matça köklənməliyik. Hələ heç nə bitməyib.

- Müdafiədə bu qədər səhvlərin olmasının səbəbi nədir?

- Məncə, biz 2:0-dan sonra çox rahat olduq. Elə bildik ki, 90 dəqiqə belə rahat gedəcək. Yekunda da bunun əziyyətini çəkdik.

- Cavab matçında uğur qazanmaq üçün ilk növbədə nəyi dəyişmək lazımdır?

- İstədiyimiz nəticəni qazanmaq üçün birinci növbədə müdafiədə diqqətli olmalıyıq. Həmçinin qol epizodlarından daha yaxşı faydalanmalıyıq. “Dinamo” geri dönüş etdi. Onları təbrik edirəm. Biz isə başımızı aşağı salmalı deyilik. Cavab matçında lazımi nəticəni qazanmalıyıq. Azarkeşlərə borcumuz var.

- Mərhələ adlayacağınıza inamınız qalıb?

- Əlbəttə, inam var. Oyundan sonra azarkeşlərlə də qısa söhbətimiz oldu. Onlar da bizə inamlarını bildirdilər. Bu inamı meydanda göstərməliyik.

- Yeri gəlmişkən, matçdan sonra Rza Cəfərovla azarkeşlər arasında narazılıq yaşandı. Həmin anda nə baş vermişdi?

- Olur belə hallar. Komanda uduzanda məyusluq yaşanır. Amma elə orada da həll etdik, problem yoxdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!