“Neftçi” ilə “Dinamo Minsk”in qarşılaşacağı bilinində, lap yadıma uşaqlığım düşdü”.
Bu sözlər Sportinfo.az və “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
"Neftçi" Konfrans Liqasında bu gün mübarizəyə başlayır.
Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.
Qarşılaşma "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
Tanınmış jurnalist “Neftçi” ilə “Dinamo”nun onu xəyalən illər əvvələ qaytardığını bildirib:
“Sovetlər dövründə Aleynikov, Qotsmanov, Zıqmantoviçli “Dinamo”çuların İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryovlu “Neftçi”ylə oyunlarını xatırlayıram.
O vaxt “Neftçi” nadir hallarda səfərdə qələbə qazanardı. Amma həmin bu “Dinamo Minsk”i Belarus paytaxtında 3:1 hesabıyla məğlub etmişdi.
Düz 39 il əvvəl - 1987-ci il iyulun 25-də. Budəfəki qarşılaşma həmin oyunun ildönümünə yaxın tarixə təsadüf edir.
İndi Belarus futbolu böhranda, biz isə İsgəndər Cavadov, Maşallah Əhmədov səviyyəsində yerli oyunçular həsrətində.
Bu gün bizə yalnız ümid etmək qalır ki, ukraynalı baş məşqçi Yuri Vernidub “Neftçi” ilə avrokuboklarda debütünü qələbəylə qeyd edəcək.
Ümumiyyətlə, bu həftə avrokuboklardakı dörd təmsilçimizin də qələbə qazanmaq ehtimalı böyükdür. Görək, hansı bacaracaq, hansı yox?”.

