Öz aramızdır, “Neftçi”nin əlinə bundan yaxşı imkan düşəcək? - Azı 2-3...

14:00 Neftçi 230
Öz aramızdır, “Neftçi”nin əlinə bundan yaxşı imkan düşəcək? - Azı 2-3...

“Neftçi” avrokubok mövsümünə start verir.

Böyük ümidlər bəslənən “ağ-qaralar” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Həmin “Dinamo” ki, 1-ci raundda “Sileks” səddini (Şimali Makedoniya) penalti seriyasında üstələməyi bacarmışdı (0:1, 1:0, pen: 6:5).

Belarus nəhənginin Avropa təcrübəsinin kifayət qədər zəngin olduğunu deməliyik. 1983-cü ildən mübarizə apardığı avrokuboklarda 155 oyun keçirən “ağ-göylər” 56 qələbə qazanıb, 36 dəfə bərabərə qalıb, 63 görüşdə meydanı məğlub tərk edib.

“Dinamo” tarixi ərzində 3 dəfə qrup mərhələsi (əsas) sevincini yaşayıb ki, bunlardan 2-si Avropa, 1-i Konfrans Liqasına təsadüf edib. Dəfələrlə 3-cü mərhələyə qədər irəliləyib, 1 dəfə pley-offda “ilişib”.

2024/25 mövsümü belaruslular üçün yaddaqalan olub. Mübarizəyə Çempionlar Liqasından başlayıb, 2-ci mərhələdə “Ludoqorets”ə uduzub, ardınca Avropa Liqasında “Linkoln”ı (Cəbəllütariq) keçərək “Anderlext”ə boyun əyib və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Ötən yay yenə Çempionlar Liqasında siftə edib və bu dəfə də “Ludoqorets” ilk mərhələdə onlar üçün keçilməz olub. Ardınca Konfrans Liqasına yuvarlanıb, burada Albaniya “Eqnatiya”sına “yem olub” – 0:2, 0:1.

Ümumi götürsək, “Dinamo” heç də ağız büzüləsi rəqib deyil. “Neftçi”nin seleksiya işini tam yekunlaşdırmadığını və komandada yeni futbolçuların olduğunu nəzərə alsaq, mərhələ adlamaq heç də asan görünmür.

Bakılılar 3-cü mərhələnin sevincini yaşamaq istəyirsə, bugünkü qarşılaşmadan mütləq və mütləq qalib ayrılmalıdır. Çünki Minsk komandasının ən zəif cəhətlərindən biri səfər matçlarında qapazaltı olması ilə diqqət çəkməsidir.

2024-cü ildən bu yana rəqib meydanında 10 dəfə çıxış edən “ağ-göylər” bu matçların yalnız 2-də qələbəyə sevinib. 2024-də Ermənistanda “Pünik”i, ötən həftə Şimali Makedoniyada “Sileks”i eyni hesabla – 1:0 üstələyib.

Yerdə qalan 8 qarşılaşmanın hamısında məğlub olub ki, bu oyunlarda cəmi 1 qol vuraraq, öz qapısından 16 top buraxıb.

“Dinamo”nun son 10 səfər matçındakı statistikası belədir.

10 oyun, 2 qələbə, 8 məğlubiyyət, top fərqi 3-16.

“Neftçi”dəkilər bu amili nəzərə alıb “doğma divar” amilindən yararlanmalıdır. Gələn həftə Bolqarıstanda (“Dinamo Minsk” ev oyunlarını burada keçirir - .) rahat oynamaq üçün 2-3 top fərqi ilə qələbə mütləqdir.

Bu gün 8-ci km stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!