Premyer Liqanın 17-ci turu Azərbaycan derbisi ilə yadda qaldı.
Ölkə çempionatının iki daimi iştirakçısı olan "Qarabağ" və "Neftçi" münasibətlərinə bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətirdi.
Düzdü, ilk baxışdan favorit meydan sahibləri idi. Amma...
Əvvəla, onu bildirək ki, tərəflər prinsipial matça fərqli ab-havada hazırlaşmışdı.
"Qarabağ"ın ümumiyyətlə tarixi derbiyə cəmi 3 gün hazırlaşa bilmişdi.
"Ağ qaralar" həftəlik planla əzəli rəqiblə matça hazırlaşdığı halda, "atlılar" 4 gün əvvəl Avropa Liqasının qrup mərhələsində "Hekken"lə əhəmiyyətli görüşə çıxmışdı.
Nəzərə alaq ki, Qurban Qurbanovun komandası isveçlilərlə qələbə qazandıqları (2:1) matçın təxminən son 40 dəqiqəsini azlıqda keçirmişdi.
Bu da əlavə yüklənmə, yorğunluq demək idi.
Bundan başqa Ağdam klubunu cəmi 2 gün sonra uzaq Xankəndi səfəri gözləyirdi.
Bildiyiniz kimi, ölkə kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK dueli Xankəndi şəhər stadionunda keçiriləcək.
Qısası, derbiyə yorğun və tam hazırlıqsız çıxan meydan sahibləri əlavə olaraq yenə gücünə qənaət etmək zorundaydı.
Bu iki vacib fakt əsas verirdi ki, Adrian Mutunun yetirmələri meydanda dominant futbol oynasın.
Ümid etmək olardı ki, heç olmasa bu şərtlər altında "Neftçi" meydanda daha "diri" görünən tərəf olacaq.
Lakin rumıniyalı nə özündə bu ruhu aşılayacaq gücü tapdı, nə də futbolçular həmin cəsarətə sahib oldular.
Əgər məğlub olduğu prinsipial matçda "Neftçi" futbolçularından bir nəfər sarı vərəqə belə almayıbsa, hansı cəsarətdən, istəkdən, xarakterdən danışmaq olar?
90 dəqiqə sanballı bir real qol vəziyyəti əldə etməyən, daha çox müdafiə olunmaq yolunu seçən qonaqlar sonda 0:2 hesablı məğlubiyyətlə meydandan ayrılmalı oldu.
Əgər bu gün tarixin bəlkə də ən yüksək büdcəsinə sahib olan "Neftçi" belə şərtlər altında "Qarabağ"a qalib gəlmək bir yana, müqavimət göstərə bilmirsə, vallah-billəh məsuliyyət sahibləri şələ-şülələrin götürüb getməlidirlər.
XANOĞLAN İMANOV

