«Neftçi»nin iki rəngindən biri qaradır. Elə günü də budur - qara.
Aylar öncə Samir Abasovu vəzifəsindən göndərəcəyini özü üçün yəqinləşdirən rəsmilər onu kiminlə əvəzləyəcəyini hələ də müəyyənləşdirə bilmir.
Məsələnin həlli saqqız kimi uzanır. Gündə bir məşqçinin adı çəkilir, müxtəlif xəbərlər yayılır. Aranda, Turanda daha boş-bekar məşqçi qalmayıb, hamısının ismi «Neftçi» ilə yanaşı hallanır.
Bu, yaxşı hal deyil və «Neftçi» kimi kluba yaraşmır. Əlbəttə, başbilənlər bolluğa düşməyib və seçim etmək çətinliyi ilə üzləşməyib.
Fors-major vəziyyətlə üzləşdiklərini söyləmək də olmaz. «Neftçi» sırf onların qeyri-peşəkarlığı, eyni zamanda, qruplar arasındakı intirqa, ciddi fikir ayrılığı üzündən vakuuma düşüb və heç cür oradan çıxa bilmir.
Hərənin ağzından bir avaz gəlir və bir «Neftçi» azarkeşinin sözü olmasın, yekun qərarın verilməsi üçün 5-6 «bığ»ın altından keçmək lazımdır.
Bir müəllim başqa bir müəllimə, o, başqasına, o da bir başqasına nəsə deməli, razılaşdırmalıdır ki, hansısa addım atılsın.
Burada bir əlin üstündə o qədər əl var ki… Söz yiyələrinin çoxluğu da bu cür ziyan verir kluba. Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?
Müşahidə Şurası formatında idarə olunan AFFA-nın bütün klubları eyni problemlə üzləşib. Qeyri-müəyyənliyin, məchul sualların çoxluq təşkil etdiyi yerdə Zaur Əzizova nəsə bir iş görmək çətin olacaq.
O, nə «Xəzər Lənkəran»da, nə də «Qəbələ»də belə bir mücərrəd idarəetmə strukturu görüb. Bu tezliklə olmasa da, bir müddət sonra istefa ərizəsi yazması barədə mətbuata xəbərlər sızsa, gözünü döyən, təəccüblənən olmasın.
Aldığı maaşın yüksəkliyi, tutduğu postun ağırlığı onun yolunu kəsməyəcək, fikrindən döndərməyəcək. Çün sabah azarkeşlərlə üz-üzə gəlmək, onlara hesabat vermək var.
Komanda Konfrans Liqasında «Aris» səddini aşmasa, «Neftçi» tərəfdarı yada salmayacaq ki, rəhbərlik yeni baş məşqçini tez tapdı, ya gec.
Klubun bazasını karvansaraya döndərəcək, tribunada və sosial şəbəkələrdə idarəçilərin istefasını tələb edəcəklər. Onların rəsmi heyətə və futbolçulara təsir imkanları güclüdür.
«Neftçi» avrokuboklardakı uğursuzluğun davamında «Qarabağ»la çempionluq yarışmasında da geri düşsə, təsəvvür edirsizmi ki, nələr ola bilər? Təbii ki, Zaur Əzizov fanat ordusunun qarşısına tək çıxmayacaq, çıxmaq istəməyəcək.
Axı nəyinə lazımdır bu? Başqaları ortada yeyib, qıraqda gəzəcək, o da təqsirləndirilmiş şəxs qismində mühakimə olunacaq?
Yeni idman direktoru ağıllı və təcrübəlidir, vəzifəcə ondan yuxarıda dayananlara görə yaxasını ələ verməz.
Nə olsun ki, «yuxarı eşalon» mənsubları «komandanın yaxşı nəticəsi də, pis nəticəsi də sənin adındır» taktikası işlədib və onu qabağa verib, adamın əlində güclü «silah» yoxdursa, sinəsini güllə qarşısına verməli, özünü qayadan aşağı atmalıdır?
Şübhə etməyin, indiki həngamənin səsi birazdan sonra çıxacaq. Nisbi sakitlik qarşıdakı təhlükənin, təlatümün, tufanın böyüklüyünü gizlədə bilməyəcək. Gözdə-qulaqda olaq.
KAMİL

