“Neftçi” növbəti fiaskonun qapısındadır.
Özləri öz əlləri ilə uğursuzluğun qapısını döyən “ağ-qaralar”ın başbilənləri uçuruma yuvarlanıb. İndi oradan çıxmağın yollarını axtarırlar.
Mövsüm mayın 21-də başa çatan kimi baş məşqçi məsələsini həll etməli olan rəsmilər düz 18 günü boşa verdi.
Samir Abasovu istefaya göndərilmək üçün vaxt iyunun 8-nə qədər uzadıldı. Nə gərək vardı?
Sabiq çalışdırıcı ölkə kubokunu boşa vermiş, çempionatda əsas rəqibi “Qarabağ”dan 19 xal geri qalmışdı. Elə həmin “Qarabağ”la oyundan sonra dərhal göndərilib, yerinə namizəd axtarıb-tapmalı, iyunun 8-dəki iclasda yeni çalışdırıcının adı açıqlanmalıydı.
Yanlış zamanlama işi çətinə salıb. Adamlar Abasovun yerinə baş məşqçi tapmaqda problemlə üzləşib. Biri çox pul istəyir, o biri Ukraynadakı müharibədə döyüşür, bir başqası naz edir.
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi “Aris” isə 1 ay sonra baş tutacaq oyunlara hazırlaşır.
Bundan sonra gələcək baş məşqçinin komanda ilə tanış olub, onu yunanlarla matçlara hazırlamaq üçün 30-35 gün vaxtı olacaq. Bu müddətdə yeni komanda formalaşdırmaq, futbol siyasətini aşılamaq hər oğulun başı üçün deyil.
Üstəlik, rəqib San Marino, yaxud Farer adaları təmsilçisi yox, Kipr elitasının təmsilçisidir.
Neftin pulları hesabına idarə olunan komanda hazırda neftin rəngindədir. Klubdakı əsas söz sahibləri sanki “Neftçi”nin adını torpağa gömmək üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. Kluba bu cür yanaşmanın başqa adı yoxdur.
Artıq indidən Konfrans Liqasındakı uğursuzluğa və yeni çalışdırıcının əsaslı bəhanələrinə hazır olmaq lazımdır. Bu gedişlə yaxşı mənada heç nə gözləməyə dəyməz.
Avrokuboklardakı uğursuzluqdan sonra isə çempionatda “Qarabağ”la mübarizə haqqında nağıllar oxunacaq. Növbəti mövsüm başa çatacaq, ağdamlılar yenə çempionluğu bayram edəcək.
İndidən “Allah rəhmət eləsin!” deyə bilərik, deyilmi?
HƏBİB

