İyulun 21-28-i aralığında Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları keçiriləcək.
Premyer Liqanı ikinci sırada tamamlayan «Neftçi» həmin tarixdə avrokubok sezonuna start verəcək.
Təqvimdən göründüyü kimi, bakılıların bu yarışın hazırlığı üçün gərəkli zamanı qalmayıb, cəmi 35-36 gün. Bu müddətdə komanda tam hazır vəziyyətə gəlməli, qarşısına qoyduğu məqsədə çatmaq yolunda irəliləməlidir.
Klub rəhbərliyi hələ ötən ilin dekabrında, mövsüm yarılanan arada mətbuat önünə çıxaraq, yeni hədəflərindən söz açmış, avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq, bununla da ağ-qara rənglərə könül vermiş tərəfdarların ruh aləmini xoşhal etmək istədiklərini bildirmişdilər.
Görünür, biz bunu Zaur Əzizovun «Qəbələ»dən «oğurlanmasının» onlarda yaratdığı eyofriyanın işarıtisı olaraq qəbul etməli olacağıq.
Əzizov 6 aydır buradadır, hələ də «Neftçi»də yeni nəfəs, yeni ab-hava və ən vacibi, peşəkarlıq əlamətləri sezməməkdəyik.
Ya idman direktoruna tam səlahiyyət verməyiblər, ya özü məsuliyyəti üzərinə götürməyə tələsmir, ya da başqa bir klubun iki daşla hörülmüş divarlarının arxasında hansısa müəmmalı proseslər baş verməkdədir.
Yoxsa ki, yeni baş məşqçi təyinatının bir belə uzanması, bu üzdən hələ transfer çalışmalarının başlanmaması, gedəcək və gələcək futbolçuların siyahısının müəyyənləşməməsi başqa nəylə bağlı olsun?
Mətbuat hələ 5-6 ay yazırdı ki, Samir Abasov yola salınacaq. Komanda mayın ilk yarısında «Zirə»yə yarımfinalda uduzub kubok yarışmasından erkən çəkiləndə, dəqiq bilinirdi ki, onunla müqavilənin müddəti uzadılmayacaq.
Aradan ən azı 1 ay keçib: bu zaman kəsiyində bir normal məşqçi ilə anlaşmaq mümkün deyildi? Axı bu, necə olur?
\Rəsmilər başqa vaxt işküzarlıqdan, böyük məqsədlərdən dəm vurur, real işə çatanda isə görürük ki, bunların hamısı blefdir, gözdən pərdə asmaq cəhdindən başqa bir şey deyil.
«Neftçi» böyük klubdur, amma idarə edənlər bu nəhəng camiəni irəli aparmaq, onun adına layiq addımlar atmaq potensialı daşımır. Bu adamlar yalnız danışır, boş-boş vədlər verir.
Konfrans Liqası başlayacaq, Allah eləməsin, komanda qitə arenası ilə erkən vidalaşanda, hamısı yazıq görkəm alıb, «neyləyək, baş məşqçini gec tapdıq, komandanı formalaşdırmağa vaxtımız az oldu» söyləyəcək, bununla isə əslində özləri üçün zaman qazanacaqlar.
Daha 1 il möhlət almaq, vəzifədə qalmaq üçün.
Təklif göndərilən məşqçilərin hamısı əcnəbidir.
Kim olacaqsa, gələn kimi deyəcək ki, mənə vaxt verin, bu komandanı başqası yığıb, futbolçuları tanımıram, çempionadan xəbərim yoxdur, indi heç bir nəticəyə cavabdehlik daşımıram. İndiyədək kənardan çağırılanların hamısı belə söyləyib, yenə belə olacaq, fərqli bir sual-cavab gözləməyin.
Əcnəbi gəlmir, cəhənnəmə gəlsin! Xoruz banlamır, səhər açılmır ki? «Neftçi» rəhbərliyi nə yapışıb xaricilərdən, niyə yerli mütəxəssislərdən birinə dəvət göndərmir?
Nədir onlarda bu xaricilərə sevgi axını? Haradan onlarda belə əminlik var ki, o əcnəbi klubu ağ günə çıxaracaq, keçmiş şöhrətini, nüfuzunu, imicini geri qaytaracaq?
Adamlar həqiqətənmi bunu istəyir? Açığı, niyyətlərinin saflığına şübhəm var və hər ötən gün beynimdə yaranan sualların sayı durmadan artır.
Xəzər Hikmət

