Türkiyə mediası “Neftçi” ilə bağlı növbəti iddia yayıb. Yerli həmkarlarımız Ərtoğrul Sağlamın Bakı klubunun baş məşqçisi olacağını yazıb.
Xəbərdə bildirilir ki, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub və razılıq əldə olunub.
Yekun qərarın necə olacağı isə bilinmir.
Ərtoğrul Sağlam bu ilin fevralından “Traktor”a başçılıq edir. O, 2018-ci ildə də Təbriz klubunda çalışıb.
Amma həmin vaxt onun Cənubi Azərbaycan klubundakı fəaliyyəti qısa sürüb.
2010-cu ildə “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olan 52 yaşlı mütəxəssis “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” və “Samsunspor” kimi komandalara da rəhbərlik edib.
Başqa sözlə, "Neftçi"də baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı söz-söhbətlər artıq, türkiyəli qardaşlarımız demişkən, "yılan hekayəsi"nə dönüb.
Biz də, necə deyərlər, Sağlam xəbərinin "peşinə" düşdük. Belə ki, uzun illər onun köməkçisi işləmiş Gerçek Yeşilata "Sportinfo TV"yə açıqlamasında "Neftçi" ilə bağlı maraqlı fikirlər səsləndirib.
Tanınmış telejurnalist Elçin Cəfərovla söhbəti zamanı may ayından etibarən Sağlamla yollarını ayırdığını, amma mütəmadi əlaqə saxladıqlarını deyib:
"Dünən Ərtoğrul Sağlam mənə dedi ki, "Traxtor"la (İran) 1 illik müqavilənin artırılması barədə danışıqlar aparır. Amma yeni bir təklif aldığını, buna görə ciddi şəkildə düşünməli olduğunu diqqətə çatdırdı.
Soruşdum, komandanın adını demədi. Amma bunun "Neftçi" olduğunu təxmin edirəm (gülür).
İnşallah, Can Azərbaycanın ən köklü klublarından "Neftçi"yə təyinatı baş tutar. Sizinlə danışdıqdan sonra özünə zəng edib, ona "xeyirli olsun" deyəcəm (gülür)".

