“Neftçi”nin idman direktoru Zaur Əzizov ölkə xaricinə yollanıb.
Bu haqda klubdan Sportinfo.az-a məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, adıçəkilən funksionerin səfəri baş məşqçi məsələsi ilə bağlıdır. Onun hazırda Rusiyada olduğu, Viktor Qonçarenko da daxil, bəzi mütəxəssislərlə görüşlər keçirdiyi bildirilir.
Son olaraq Moskva MOİK-ini çalışdırmış belaruslu hazırda bu ölkədə yaşayır və Əzizovun onunla üzbəüz söhbət etməkdə məqsədi müqavilə şərtlərini tez razılaşdırmaqdır.
Çünki komanda artıq sabahdan etibarən bir araya gələcək və yeni mövsümün hazırlıqlarına start verəcək.
Samir Abasovla yanaşı, bütün köməkçiləri ilə yollar ayrıldığından, futbolçuların kimin rəhbərliyi altında məşqlərə başlayacağı sual altındadır.
Məlumat üçün bildirək ki, Qonçarenko ilə ilkin danışıqlar uğursuz keçib. 44 yaçlı çalışdırıcı bakılıların irəli sürdüyü şərtlərəı “yox” deyib.
Onu qəzəbləndirən əsas məqam klubun yeni mövsümlə bağlı büdcəsinin müəyyənləşmədiyi halda, rəhbərliyin yüksək iddialarla çıxış etməsidir.
Belə ki, “ağ-qaralar” Qonçarenkodan Azərbaycan çempionluğu, Avropa Liqasında qrup mərhələsinə vəsiqə istəyib.
Düzdür, rəsmilər işinə müdaxilə etməyəcəklərinə dair belarusluya zəmanət verib, lakin əksər fikirlər üst-üstə düşməyib. Görünür, Zaur Əzizov bu dəfə daha konkret təkliflərlə onunla görüşə yollanıb.

