"Neftçi"dən baş məşqçi postuna üçüncü namizəd - Özü də razıdır

13 İyun 2022 09:40 Neftçi 3 882
"Neftçi"dən baş məşqçi postuna üçüncü namizəd - Özü də razıdır

İyunun 14-də «Neftçi»nin Müşahidə Şurasının növbəti iclası keçiriləcək.

Toplantının gündəliyinə yalnız bir məsələ daxildir – yeni baş məşqçinin təyinatı.

Bilindiyi kimi, Samir Abasovla müqaviləni uzatmayan bakılılar gözünü ölkə xaricinə çevirib. Viktor Qonçarenko və Yuri Vernidubun namizədlər siyahısında yer alması rəsmən açıqlanıb.

Di gəl, belaruslu və ukraynalı mütəxəssislərlə aparılan danışıqlar hələ də gözlənilən nəticəni verməyib.

Onların Azərbaycana gəlməsinə əngəl yaradan səbəblər var və biz bu haqda ötən günlərdə oxucularımıza davamlı olaraq məlumat verdiyimizdən, təkrar təfərrüata varmaq istəmirik.

Son dəqiqə gəlişməsi budur ki, «ağ-qaralar» C variantını nəzərdən keçirir. Bu, Roman Qriqorçukdur.

2021-ci ildə Odessa «Çernomorets»inin sükanı arxasına keçmiş sabiq «Qəbələ»li «Neftçi»yə gəlməyə çox can atır. 67 yaşlı çalışdırıcı hər an Ukraynanı tərk edə biləcəyi ilə bağlı Bakıya ismarıc göndərib.

Qriqorçuku «Neftçi» ilə anlaşmaya belə həvəslə yanaşması Zaur Əzizov amilindən qaynaqlanır. Çünki o, paytaxt təmsilçisinin idman direktoru ilə uzun müddət «Qəbələ»də çiyin-çiyinə işləyib.

Əzizov əyalət klubunun baş meneceri olduğu dönəmdə daim ona dəstək verib və arxasında dayanıb. Tanış sima və tanış çempionat - Qriqorçuk niyə də «Neftçi»nin «koç»u olmaq istəməsin?

Vaxtilə «Qəbələ»də sahibləndiyi büdcəni indi burada ona təklif edirlər və ukraynalı başa düşür ki, bu cür şans bir də qapısını döyməyəcək.

Əgər o, 1-2 ay öncə minimum 20 milyon büdcə qarşılığında «Neftçi»ni çalışdırmağa razılıq verəcəyini bildirirdisə, ölkəsindəki müharibənin uzanması onun da fikirlərini dəyişdirib, belə deyək, xeyli yumşalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!