"Neftçi"nin baş məşqçisi postuna namizəd olan Viktor Qonçarenko Səudiyyə Ərəbistanında işləyə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "Championat" nəşri məlumat yayıb.
Belaruslu mütəxəssisin bu ölkənin adı açıqlanmayan klubu ilə yaxın günlərdə müqavilə imzalayacağı bildirilib.
"Neftçi"nin baş məşqçisi postuna digər namizəd isə "Şerif"dən ayrılan ukraynalı məşqçi Yuri Vernidubdur.
Qonçarenko bugünlərdə Bakıya gizli səfər edib, klubun şəraitini görüb, baza və stadionla tanışlıq fürsəti yaxalayıb. Bura kimi hər şey 44 yaşlı mütəxəssisi razı salıb.
O, daha sonra idarəçilərlə üzbəüz əyləşib. Moskva MOİK-inin sabiq sükançısına bildirilib ki, ondan gözləntiləri növbəti mövsümdə komandaya ölkə çempionluğu qazandırmaqdır.
Eyni zamanda, Qonçarenkodan Avropa Liqasının qrup mərhələsinə vəsiqə tələb edilib.
Deyilib ki, Çempionlar Liqasında qruplara qalmaq inandırıcı görünmədiyindən, yalnız ikinci dərəcəli klub yarışmasında təsnifat mərhələlərini adlamaq uğur sayılacaq.
Ona vəd olunub ki, istədiyi komandanı formalaşdırmaqda tam sərbəstdir. Yəni, bütün transferləri təkbaşına həyata keçirmək səlahiyyətinə malikdir, funksionerlər işinə müdaxilə etməyəcək.
Qonçarenko bura 8-10 nəfərlik geniş personal gətirəcəyini, hətta həkimi də kənardan Azərbaycana dəvət edəcəyini bildirib, razılaşıblar.
Problem əsas məsələyə - büdcə barədə müzakirəyə çatanda korlanıb. BATE-nin sabiq baş məşqçisi «komandaya nə qədər vəsait ayrılacaq» deyə, soruşub, qarşı tərəf isə «hələ dəqiq bilinmir, SOCAR-ın nə məbləğ ayıracağı özümüzə də məlum deyil» deyib.
Bu cavabdan əsəbiləşən Qonçarenko danışıqları yarımçıq dayandırıb və «hələ büdcənizi bilmirsiz, amma mənim qarşıma bu qədər ağır tələblər qoyursuz - belə işin adı qeyri-ciddilikdir» söyləyərək, toplantının keçirildiyi məkandan birbaşa aeroporta yollanıb.

