Samir Abasovla müqaviləni yeniləməyən “Neftçi“ rəhbərliyi Yuri Vernidubu baş məşqçi postuna gətirmək üçün bütün vasitələrə əl atıb.
“Ağ-qaralar“ bu məqsədlə müvafiq dövlət qurumları və AFFA-ya müraciət edib.
Rusiya ilə müharibəyə qatılan 56 yaşlı mütəxəssisi Ukraynadan çıxarmaq lazımdır və bakılılar hər varianta baş vurur ki, istəyinə çatsın.
Təbii, klub olaraq təkbaşına bu məsələni həll eləmək qeyri-mümkündür. Bunun üçün Ukraynanın rəsmi dairələri ilə sıx təmas qurmaq lazımdır ki, Vernidubun ölkə ərazisini tərk eləməsinə icazə verilsin.
Başqa heç cür “Şerif“in sabiq sükançısını Azərbaycana gətirmək olmaz. Ukrayna höküməti hazırda döyüşlərdə iştirak edənlərin, həmçinin yaşı 55-ədək olan kişi mənsubiyyətli vətəndaşların ölkə hüdudlarından kənara çıxmasına qadağa qoyub.
İstisna hal kimi dost siyahısına daxil olan ölkələrin rəsmi çevrələrinin müraciəti nəzərə alınır. Azərbaycan bu mənada Ukrayna ilə isti münasibətlər qurub və AFFA da son vaxtlar bundan dəfələrlə istifadə edib.
Təsadüfi deyil ki, federasiyanın xətti ilə bir neçə futbolçu aprel-may aylarında Ukraynadan Azərbaycana gətirilib.
İndi “Neftçi“ də bu yolla Vernidubu döyüş bölgəsindən çıxaracağına ümid bəsləyir. Yeganə problem elə budur.
Vaxtilə “Qəbələ“nin formasını geyinmiş Vitali Vernidubun atası bütün müqavilə şərtlərində “ağ-qaralar“la razılığa gəlib.
Bakılı rəsmilər ümid bəsləyir ki, iyunun 14-dək onun işində müsbət nəticəyə varacaq. Çünki məhz həmin gün klubun Müşahidə Şurası yeni baş məşqçinin təyinatının təsdiqlənməsi məqsədilə növbəti dəfə bir araya gələcək.
SPORTİNFO.AZ

