“Klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyduq.
Rəhbərliyə dedim ki, hələlik Moldovaya qayıda bilmirəm. Axı necə dönə bilərəm?!”.
Bunu “Şerif”dən ayrılan və “Neftçi”nin baş məşqçi postuna namizəd olan Yuri Vernidub deyib.
Rusiya ilə müharibədə Ukraynanın müdafiəsində iştirak edən 56 yaşlı mütəxəssis bildirib ki, hərbi xidmətdən sonra onu “Şerif”də heç kim gözləməyəcək:
“Bu komandanı növbəti mövsüm UEFA Çempionlar Liqasına hazırlamaq lazımdır. Hesab edirəm ki, çox düzgün hərəkət etmişəm. İndi haradasa işləmək alınarsa, ən yaxşısı, burada qalaraq Ukraynada çalışaram”.
Vernidub gələcək karyerasına hələ aydınlıq gəlmədiyini söyləyib:
“Baxacağıq. Planlar var, amma hələlik mən Ukrayna Silahlı Qüvvələrindəyəm. Gələcəkdə necə olacağını bilmirəm. Mənə imkan yaratsalar, işləyəcəm. Əks halda, sonadək - qələbəmizədək cəbhədə olacam”.
Bilindiyi kimi, “Neftçi” Samir Abbasovla yeni müqavilə bağlamayıb. Komandanın baş məşqçisi olmağa namizədlər isə Yuri Vernidubla belaruslu Viktor Qonçarenkodur.
Belə aydın olur ki, müharibə getdiyi müddətdə o, “Neftçi”də çalışmayacaq. Daha doğrusu, çalışa bilməyəcək. Bakılı rəsmilər gündəlik olaraq onunla əlaqə saxlayır, son vəziyyətlə maraqlanır.
Vernidub döyüşdüyü hərbi bölüyün rəhbərliyi ilə Azərbaycandan aldığı təklif haqda danışdığını, lakin hələ də Ukraynanı tərk etmək üçün icazə ala bilmədiyini söyləyib.
“Neftçi“nin onu gözləmək üçün çox vaxtı yoxdur. Komanda tezliklə Konfrans Liqasının hazırlıqlarına start verməli, seleksiya işləri başlanmalıdır.
Əslində, Müşahidə Şurasının baş məşqçi mövzusunu iyunun 14-nə saxlaması Vernidubun üzləşdiyi vəziyyətlə əlaqədardır.
Qonçarenko variantını dəyərləndirməyə o qədər də meylli olmayan “ağ-qaralar“ həmin tarixədək Ukraynadan gələcək son cavabı gözləyəcək.
“Şerif“ə Çempionlar Liqasının qrup həyacanını yaşatmış 56 yaşlı mütəxəssis üzləşdiyi problemi ozamanadək aradan qaldırmasa, “Neftçi“ növbəti namizəd axtarışına çıxacaq.
SPORTİNFO.AZ

