2020-ci ilin noyabrında «Neftçi»də işə başlayan Samir Abasovun erası dünən rəsmən bitdi.
Onu «Qarabağ» görəvə gətizdirmişdi, «Qarabağ» da görəvdən aldırdı.
Füzuli Məmmədov «Qarabağ»a 0:6 hesabıyla uduzandan sonra vəzifədən uzaqlaşdırılmış, Samir Abasov sükan arxasına əyləşdirilmişdi.
Onun son oyunu da «köhlən atlar»a qarşı oldu - 1:4 hesablı yenilgi ilə «Neftçi»dən çölə atıldı.
Artıq aydındır ki, «Neftçi»də bütün standartları «Qarabağ» müəyyənləşdirir. Bu, rəqabət baxımından müsbət haldır.
Bakılı fiqurantların yeni baş məşqçi axtarışını ölkənin hüdudlarından kənarda davam etdirməsi növbəti mövsümlə bağlı planların geniş miqyasından xəbər verir.
Viktor Qonçarenko gənc yaşlarından məşqçilik peşəsinin qulpundan yapışmağa başlayıb və bir neçə klubu çalışdırıb.
Rusiyada «Rostov», «Krasnodar» və MOİK-ə təyinat alıb. 44 yaşlı mütəxəssisi vitrinə çıxaran BATE olub, hansı ki, illər öncə öz statusu ilə vidalaşıb.
Qonçarenko doğma Belarusun komandasından ayrılandan bəri ciddi uğura möhtacdır. Di gəl, şərtləri yerə-göyə sığmır, özünü ikinci Joze Mourinyo hesab edir.
Yuri Vernidub elə deyil, bura odun-alovun – Ukrayna – Rusiya müharibəsinin içindən çıxaraq gəlir. Son olaraq «Şerif»də çalışıb, Moldovanın futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.
«Şerri»lə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmış, «Real» və «Şaxtyor» üzərində qalibiyyət əldə etmiş Vernidub bu gün «Neftçi»yə on addım daha yaxındır və ən layiqli namizəddir.
Böyük ehtimalla, müşahidə Şurası iyunun 14-də keçiriləcək toplantısında onun təyinatını rəsmən açıqlayacaq.
Ukrayna mediasının 56 yaşlı məşqçinin «Krivbas»la anlaşması barədə xəbərlər gerçəyi əks etdirmir, açığını demək lazımdırsa, «Neftçi» rəhbərliyini Vernidubla müqavilə bağlamağa tələsdirmək məqsədi daşıyır.
Ukrayna futbol ab-havasından çox uzaq düşüb, ölkə müharibənin dəhşətlərini hər gün yaşamaqda davam edir və belə gedərsə, döyüşlər uzun müddət alacaq.
Bu vəziyyətdə çempionatın bərpası inandırıcı görünmür. Kiyev «Dinamo»su və Donetsk «Şaxtyor»u həyatda qalmaq üçün çırpınır, «Krivbas», o cümlədən, digər klublar faktiki olaraq fəaliyyətini dayandırıb.
Müharibədə əlinə silah alaraq döyüşmüş Verniduba yaşının bu çağında «Neftçi»dən rahat yer? Bütün yollar indi onu Bakıya gətirir…
Xəzər Hikmət

