Bir qədər öncə xəbər verdiyimiz kimi, “Neftçi”nin Müşahidə Şurasının iclası yekunlaşıb.
Samir Abasov istefaya göndərilib.
Onun istefasına səbəb kimi qarşısına qoyulan vəzifələrdən birini – Premyer Liqada ikinci yeri tutmaq tapşırığını yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq məqəsdinin öhdəsindən gələ bilməyib.
O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.
S.Abasov 2020-ci ilin noyabr ayından “Neftçi”ni çalışdırırdı. Mütəxəssisin rəhbərliyi altında komanda 2020/2021 mövsümündə ölkə çempionu olub, ötən mövsüm isə Premyer Liqanı 2-ci pillədə tamamlayıb.
Komandaya yeni baş məşqçinin təyinatı iyunun 14-də - növbəti iclasda açıqlanacaq. Namizədlər ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkodur.
Bu gün Vernidub "Şerif"in baş məşqçi postunu tərk edib. Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
"Şerif" ukraynalı mütəxəssisin klubun tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayib.
Yuri Vernidub 2021/2022 mövsümündə Moldova klubuu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb.
"Real Madrid", "İnter" və "Şaxtyor" (Donetsk) ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran Tiraspol təmsilçisi mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.
Vernidub Rusiyanın Ukraynaya hücum etməsindən sonra ölkəsinin müdafiəsinə qalxaraq, əlinə silah alıb, döyüşlərə qatılıb. Bu barədə bir neçə dəfə mətbuatda məlumat gedib.
Vernidub 2019-cu ilin ikinci yarısında Azərbaycanda olub. Ukraynalı həmin vaxt "Sabah"la danışıqlar aparmaq üçün ölkəmizə səfər edib.
Masazır klubunun oyununu canlı izləyən mütəxəssis müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməmişdi.
İndi isə "Neftçi"də ona kifayət qədər yaxşı tanış olan sima çalışır – Zaur Əzizov. İdman direktoru "Qəbələ"də baş menecer kimi fəaliyyət göstərdiyi dönəmdə onun oğlu Vitali Vernudubun transferini həyata keçirib.
Qonçarenko isə bugünlərdə Bakıya gizli səfər edib, klubun şəraitini görüb, baza və stadionla tanışlıq fürsəti yaxalayıb. Bura kimi hər şey 44 yaşlı mütəxəssisi razı salıb.
O, daha sonra idarəçilərlə üzbəüz əyləşib. Moskva MOİK-inin sabiq sükançısına bildirilib ki, ondan gözləntiləri növbəti mövsümdə komandaya ölkə çempionluğu qazandırmaqdır.
Eyni zamanda, Qonçarenkodan Avropa Liqasının qrup mərhələsinə vəsiqə tələb edilib.
Deyilib ki, Çempionlar Liqasında qruplara qalmaq inandırıcı görünmədiyindən, yalnız ikinci dərəcəli klub yarışmasında təsnifat mərhələlərini adlamaq uğur sayılacaq.
Ona vəd olunub ki, istədiyi komandanı formalaşdırmaqda tam sərbəstdir. Yəni, bütün transferləri təkbaşına həyata keçirmək səlahiyyətinə malikdir, funksionerlər işinə müdaxilə etməyəcək.
Qonçarenko bura 8-10 nəfərlik geniş personal gətirəcəyini, hətta həkimi də kənardan Azərbaycana dəvət edəcəyini bildirib, razılaşıblar.
Problem əsas məsələyə - büdcə barədə müzakirəyə çatanda korlanıb. BATE-nin sabiq baş məşqçisi «komandaya nə qədər vəsait ayrılacaq» deyə, soruşub, qarşı tərəf isə «hələ dəqiq bilinmir, SOCAR-ın nə məbləğ ayıracağı özümüzə də məlum deyil» deyib.
Bu cavabdan əsəbiləşən Qonçarenko danışıqları yarımçıq dayandırıb və «hələ büdcənizi bilmirsiz, amma mənim qarşıma bu qədər ağır tələblər qoyursuz - belə işin adı qeyri-ciddilikdir» söyləyərək, toplantının keçirildiyi məkandan birbaşa aeroporta yollanıb.
Bu gün üçün ən real namizəd Vernidubdur. Hər halda “Neftçi”dəki çoxsaylı dostlarımızın redaksiyamıza verdikləri son məlumatlarda belə iddia olunur.
Bilidirilib ki, ukraynalı çalışdırıcı Qonçarenkodan fərqli, heç də indikindən dəfələrlə artıq büdcə tələb etməyib.
Həmçinin transfer çalışmalarında qarşılıqlı anlaşmaya razılaşıb.
Başqa sözlə, o, alınacaq və göndəriləcək futbolçuların siyahısını rəhbərliklə birgə müzakirə edəcək, onlardan icazəsiz addım atmayacaq.
SPORTİNFO.AZ

