«Neftçi»nin yeni baş məşqçisi iyunun 8-də məlum olacaq.
Hər halda həmin gün klubun Müşahidə Şurasının toplantısı keçiriləcək və gündəlikdəki bir çox məsələlər kimi, xeyli vaxtdır hamının marağını çəkən suala da cavab tapılacaq.
Hələlik görünən odur ki, «ağ-qaralar» avrokubokar mövsümünə Samir Abasovla başlayacaq.
Düzdür, klub rəhbərliyi 2020-ci ilin noyabrında görəvə gətirdiyi mütəxəssislə son vaxtlar əlaqəni kəsib – nə ona zəng edən, nə də hansısa yolla halını soruşan, fikrini soruşan var – bununla belə, proseslər Abasovun lehinə inkişaf etməyə başlayıb.
Bəli, klubun adı «Neftçi»dir və burada hər an hər şey ola, hadisələrin gedişatı 180 dərəcə dəyişə bilər. Onu deməliyik ki, paytaxt təmsilçisi Viktor Qonçarenko ilə danışıqların son mərhələsində gözləmədiyi olaya şahid olub.
Demə, belaruslu məşqçi bugünlərdə Bakıya gizli səfər edib, klubun şəraitini görüb, baza və stadionla tanışlıq fürsəti yaxalayıb. Bura kimi hər şey 44 yaşlı mütəxəssisi razı salıb.
O, daha sonra idarəçilərlə üzbəüz əyləşib. Moskva MOİK-inin sabiq sükançısına bildirilib ki, ondan gözləntiləri növbəti mövsümdə komandaya ölkə çempionluğu qazandırmaqdır.
Eyni zamanda, Qonçarenkodan Avropa Liqasının qrup mərhələsinə vəsiqə tələb edilib.
Deyilib ki, Çempionlar Liqasında qruplara qalmaq inandırıcı görünmədiyindən, yalnız ikinci dərəcəli klub yarışmasında təsnifat mərhələlərini adlamaq uğur sayılacaq.
Ona vəd olunub ki, istədiyi komandanı formalaşdırmaqda tam sərbəstdir. Yəni, bütün transferləri təkbaşına həyata keçirmək səlahiyyətinə malikdir, funksionerlər işinə müdaxilə etməyəcək.
Qonçarenko bura 8-10 nəfərlik geniş personal gətirəcəyini, hətta həkimi də kənardan Azərbaycana dəvət edəcəyini bildirib, razılaşıblar.
Problem əsas məsələyə - büdcə barədə müzakirəyə çatanda korlanıb. BATE-nin sabiq baş məşqçisi «komandaya nə qədər vəsait ayrılacaq» deyə, soruşub, qarşı tərəf isə «hələ dəqiq bilinmir, SOCAR-ın nə məbləğ ayıracağı özümüzə də məlum deyil» deyib.
Bu cavabdan əsəbiləşən Qonçarenko danışıqları yarımçıq dayandırıb və «hələ büdcənizi bilmirsiz, amma mənim qarşıma bu qədər ağır tələblər qoyursuz - belə işin adı qeyri-ciddilikdir» söyləyərək, toplantının keçirildiyi məkandan birbaşa aeroporta yollanıb.
SPORTİNFO.AZ

