İyunun 2-də keçirilməsi planlaşdırılan, amma ertələnən “Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.
Yğıncaq iyunun 8-nə təyin olunub.
Tədbir klubun inzibati binasında təşkil olunacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.
Klubun prezidenti Kamran Quliyev və idman direktoru Zaur Əzizov burada mövsümün yekunlarına dair hesabat verəcək. Quliyev təşkilati və maliyyə, Əzizov idman məsələləri barədə faktları təqdim edəcək.
Rəşad Abdullayevin əvəzedici komandanın baş məşqçi postuna təyinatı rəsmiləşəcək. Buna kimi U-19-u çalışdırmış gənc mütəxəssis «Səbail»yə yollanan Mahmud Qurbanovun yerinə keçəcək.
Paytaxt təmsilçisinin idarəçiləri yeni mövsümlə əlaqəli görülməsi istənilən işlər barədə SOCAR-ı məlumatlandırıb. Raport xarakterli planlamada əsasən 2 istiqamət – uzunmüddətli və , ortamüddətli layihə üzərində dayanılıb.
Birincisi, qarşıdan gələn avrokuboklar mövsümündə Konfrans Liqasında uğurlu çıxış etmək üçün tələb olunan şərtlər.
İkincisi, əsas komandanın yalnız gələn mövsüm deyil, növbəti illərdə də titullar qazanmasının dayanıqlığının təmin edilməsi.
Hər iki istiqamət üzrə planların gerçəkləşdirilməsinin təməlində büdcə artımı dayanır. «Neftçi» yönəticiləri əmindir ki, neft şirkəti kluba ayrılan vəsaitin ümumi kütləsini yeniləməsə, ciddi məqsədlər uğrunda mübarizə aparmaq mənasızdır.
Onlar əmindir ki, Samir Abasovun qalması kollektivə ziyan vuracaq. Baş məşqçi postuna əcnəbi gətirilməsi klubun həyatında yeni mərhələnin başlanğıcı olmalıdır.
Bakılılıar indiyədək danışıq apardıqları mütəxəssislərdən yalnız Viktor Qonçarenko ilə anlaşma əldə etməyə yaxındır. Belaruslu hazırda Moskvadadır və Bakıdan gələn son zəngi gözləyir.
Moskva MOİK-inin sabiq çalışdırıcısı komandanın bu mövsüm keçirdiyi oyunları ümumi analiz edərək, müəyyən qənaətə gəlib və onları qarşı tərəflə bölüşüb.
Belə ki, Qonçarenko 4-5 futbolçu xaricində qalanlarının ciddi hədəflər uğrunda mübarizə aparacaq kollektivə uyğun gəlmədiyi fikrindədir.
44 yaşlı mütəxəssis bildirib ki, seleksiya prosesi düzgün aparılmayıb, mövcud boşluqların aradan qaldırılması qısa zaman almayacaq.
Karyerası ərzində BATE, “Kuban”, “Ural”, ÇSKA, “Ufa”, “Krasnodar”ın sükanı arxasında dayanmış Qonçarenko avrokuboklarda uğur qazanmaq üçün ona minimum 3 il vaxt verilməsinin gərəkdiyini deyib.
O, «Qarabağ»la ayaqlaşacaq komandanın yaradılması üçün transfer büdcəsinin artırılmasının zəruriliyini qeyd edib.
İşinə müdaxilə hallarına göz yummayacağını bəribaşdan söyləyən məşqçi transfer məsələlərində ona sərbəstlik verilməsini istəyib.
Şəxsi müqavilə şərtlərinə gəlincə, Qonçarenkonun aylıq maaş tələbi 25 min dolların üstündədir. Belaruslu məşqçi ştabında minimum 8-9 nəfərin yer alacağını da açıqlayıb.
Buradan göründüyü kimi, SOCAR maliyyə sərfiyyatı mənasında xeyli «tərləyəcək». Başqa sözlə, şirkət başbilənlərinin könlündən balıq keçirsə, şalvarının balağını ləpədöyündə islahatmalıdır.
Bir milyon manat az, bir milyon manat çox - bu, hədəfə aparan yolda ciddi rəqəm deyil. Artım olacaqsa, aradakı fərq 4-5 milyon manatı aşmalıdır.
SOCAR-ın bu səxavəti göstərib-göstərməyəcəyi hələ də sual altındadır. Uzağı, iyunun 8-də bunu da biləcək və görəcəyik.
SPORTİNFO.AZ

