Azərbaycan Premyer Liqasının başa çatmasından 2 həftəyə yaxın zaman keçib.
Konfrans Liqasının 1 və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi isə 12 gün sonra atılacaq. İkinci mərhələdə mübarizəyə başlayacaq "ağ qaralar"da hələ də durğunluq davam edir.
Baş məşqçi Samir Abasov kənddə oturub, sabahından xəbərsizdir.
Tiaqo Bezerra Braziliyada oturub, Bakıdan zəng gözləyir. Ki, qayıdım-qayıtmayım deyə. Elə digər futbolçuların da taleyi aşağı-yuxarı braziliyalı legionerdən fərqlənmir.
İcarədə olan "Neftçi"li oyunçuları isə ümumiyyətlə itirib-axtaran yoxdur.
Halbuki mövsüm bitər-bitməz yuxarıdakı problemləri öz həllini tapmalı, çalışdırıcı avrokuboklarda ötənilki biabırçılığı unutdurmağın yollarını axtarmalıydı.
Bu gedişat yeni bəhanələr üçün "hamilə"dir. Bundan sonra Abasov qalsa və ya yeni çalışdırıcı gəlsə də Avropada uğurlu çıxış etmək üçün komanda formalaşdırmaq elə də asan olmayacaq.
Çünki Abasov qalsa belə çətin ki, üzərində olan mənfi psixoloji yükü atıb, komandanı hazırlamağı bacara bilsin. Yeni çalışdırıcı isə təbii ki, öz strategiyasını tətbiq etməyə başlayacaq. Bu da ən yaxşı halda növbəti mövsümün startına çata ya çatmaya.
Arxada qalan mövsüm uğursuz və məzmunsuz oyuna görə Samir Abasov bir nömrəli günahkar kimi təqdim olunur. Bəs indi?
Təbii ki, hazırkı qarmaqarışıq duruma və gələcək mümkün uğursuzluqlara görə tək günahkar "Neftçi" rəhbərliyidir. Hər iki halda da "udar" "ağ qara" rənglərə könül bağlayan fanatlar dəyəcək.
XANOĞLAN İMANOV

