İyunun 2-də “Neftçi”də Müşahidə Şurasının iclası keçirilməliydi.
Klubun növbəti mövsümlə bağlı büdcəsi təsdiqlənməli, baş məşqçi müəmması həllini tapmalıydı.
Lakin günboyu divardan səs çıxdı, “Neftçi”nin binasından səs çıxmadı.
Ertələnmə ilə bağlı klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq ki, “ağ-qaralar”ın sözçüsü qısa danışdı:
“Bəli, Müşahidə Şurasının iclası iyunun 2-də keçirilməliydi. Lakin bəzi səbəblərə görə alınmadı. Bu gün də keçirilə bilər, növbəti həftədə də. Hər halda, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Allahverdiyev yubanma ilə bağlı konkret səbəb göstərməsə də, gecikmənin SOCAR-dan qaynaqlanması dəqiqdir.
Şirkətdə işlərin çox olması “Neftçi”nin növbəti mövsüm üçün büdcəsinin təsdiqlənməsini yubadır. Klub rəhbərliyi büdcədəki rəqəmləri bilmədiyindən, baş məşqçi mövzusunda qərar verməyə tələsmir.
HƏBİB / SPORTİNFO.AZ

