«Neftçi»nin baş məşqçi postuna gətirmək istədiyi Viktor Qonçarenko ilə apardığı danışıqların bəzi detalları üzə çıxıb.
Moskva MOİK-inin sabiq çalışdırıcısı komandanın bu mövsüm keçirdiyi oyunları ümumi analiz edərək, müəyyən qənaətə gəlib və onları qarşı tərəflə bölüşüb.
Belə ki, belaruslu 4-5 futbolçu xaricində qalanlarının ciddi hədəflər uğrunda mübarizə aparacaq kollektivə uyğun gəlmədiyi fikrindədir.
44 yaşlı mütəxəssis bildirib ki, seleksiya prosesi düzgün aparılmayıb, mövcud boşluqların aradan qaldırılması qısa zaman almayacaq.
Karyerası ərzində BATE, “Kuban”, “Ural”, ÇSKA, “Ufa”, “Krasnodar”ın sükanı arxasında dayanmış Qonçarenko avrokuboklarda uğur qazanmaq üçün ona minimum 3 il vaxt verilməsinin gərəkdiyini deyib.
O, «Qarabağ»la ayaqlaşacaq komandanın yaradılması üçün transfer büdcəsinin artırılmasının zəruriliyini qeyd edib.
İşinə müdaxilə hallarına göz yummayacağını bəribaşdan söyləyən məşqçi transfer məsələlərində ona sərbəstlik verilməsini istəyib.
Şəxsi müqavilə şərtlərinə gəlincə, Qonçarenkonun aylıq maaş tələbi 25 min dolların üstündədir. Belaruslu məşqçi ştabında minimum 8-9 nəfərin yer alacağını da açıqlayıb.
SPORTİNFO.AZ

