"Neftçi"ni bu yay tərk edən ilk futbolçu bəlli olub.
Bu barədə Portuqaliyanın məşhur "A Bola" nəşri xəbər yayıb.
Yerli həmkarlarımız Huqo Bastonun "ağ-qaralar"la vidalaşdığını açıqlayıb. 29 yaşlı müdafiəçi hazırda digər təklifləri nəzərdən keçirir.
2021-ci ilin yayından "Neftçi"nin formasını geyinən, çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalan portuqaliyalı legioner, əslində, 2 ay öncə düşərgəni tərk edib.
Samir Abasovun bu mövsümün əvvəlində heyətə qatdığı, lakin tez də üstündən xətt çəkdiyi arxa xətt oyunçusunun hələ qış fasiləsində geri göndərilməsi planlaşdırılmışdı.
AFFA-da çalışan menecer tanışı vasitəsilə "Neftçi"yə keçmiş "Tondela"nın sabiq müdafiəçisini yanvarda buradan uzaqlaşdırmaq mümkün olmadı.
Ona sərf edən təkliflər almadığını bildirərək, 2023-cü ilin yayında bitəcək müqaviləsinin vaxtından əvvəl və qarşılıqlı razılaşma əsasında pozmağa qol qoymadı.
Belədə "ağ-qaralar" məcburiyyət qarşısında qalaraq, martda izdivaca birtərəfli xitam verib. Bunun üçün Bastoya 2 aylıq təzminat ödənilib.
Doğrudur, o, öncə bununla da razı deyildi və klubu məhkəmə ilə hədələyir, FİFA-ya şikayət edəcəyini bildirirdi. İdman direkoru Zaur Əzizovun prosesə fəal müdaxiləsi nəticəsində iş məhkəmə səviyyəsinə çatmadan həllini tapdı.
Bir sözlə, o, ötən ilin iyulunda müqavilə bağladığı "Neftçi"dən sakit şəkildə ayrılmayıb. Mərkəz müdafiəçisi bundan əvvəl Samir Abasovla mübahisə edib.
Baş məşqçi ilə görüşən Basto ona ayrı-seçkiliyə məruz qaldığını bildirib. Portuqaliyalı komandada rəqabət prinsiplərinin pozulduğunu, hazır olduğu halda, daim ehtiyatda qaldığını deyib.
«Hamı görür ki,Mamadu Mbodjdan güclüyəm, amma o, əsas heyətdə oynayır, mən isə kənardan ona baxıram» deyərək, çalışdırıcıya etiraz edib.
S.Abasov H.Bastoya tutarlı cavab verməyib, «bu, mənim seçimimdir» söyləməklə kifayətlənib.
44 yaşlı mütəxəssis mətbuata açıqlamasında isə bunu arxa xətt oyunçusunun durumundan məmnun olmaması ilə əlaqələndirib.
Bildirib ki, 29 yaşlı legioner daim oynamaq istədiyini bildirsə də, meydanda özünü yetərincə göstərməyi bacarmayıb:
SPORTİNFO.AZ

