"Neftçi"nin gündəmini təşkil edən məsələlərə bu ayın sonunadək aydınlıq gəlməyəcək.
Müşahidə Şurası (MŞ) iyunun 2-də toplaşacaq.
Lakin tarixlə bağlı dəyişiklik ola bilər. Bu, yığıncaq iştirakçıları ilə bağlıdır.
Mümkündür ki, şura üzvlərindən kiminsə həmin gün başqa bir işi çıxsın və mənzil başına yetişməsin.
İstənilən halda bir gün o yana, bir gun bu yana iclas baş tutacaq və hazırkı baş məşqçi Samir Abasovun klubdakı taleyinə aydınlıq gələcək. Həmçinin komandanın nəticələri və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq.
Deyə bilərik ki, "Neftçi"də situasiya tez-tez dəyişir. Sezonun boşa verilməsi birmənalıdır - "ağ-qaralar" Premyer Liqa və kubok yarışmasında hədəflərinin çox altında qaldı.
Azarkeşlərin yanaşması əvvəlki kimidir: onlar Samir Abasovun istefaya göndəriləcəyi günü iplə çəkilir. Fəqət, baş məşqçi ilə bağlı idarəçilər və nəzarətçilər arasında fikir ayrılığı yaranıb.
Samir Abasov onu 2020-ci ilin noyabrında "Neftçi"yə gətirmiş çevrələrlə yaxın təmasdadır və çalışır ki, həmin şəxslərin köməyi ilə vəzifədə qalsın.
Klubun prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizov da indi Samir Abasova münasibətdə daha yumşaq mövqe sərgiləməkdədir. Hər iki fiqurant komandanın Konfrans Liqasında da ona tapşırılmasına tərəfdardır.
Onların planına görə, çalışdırıcının perspektivi avrokuboklarda qeydə alınacaq nəticələrə əsasən qiymətləndirilməlidir.
"Neftçi"nin de-fakto bir nömrəli şəxsi olan Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov bu cür düşünmür.
Sezonun əvvəlində Samir Abasovun əleyhinə sosial şəbəkədə yazdığı statusla gündəm olmuş Qəhrəmanov bu gün də o fikirdədir ki, kollektiv əcnəbi mütəxəssisin ixtiyarına verilməlidir və prosesi çox uzatmağa dəyməz.
Bütün bunlar öz yerində, SOCAR-ın da rəyi nəzərə alınacaq. Klubun baş sponsoru neft şirkətidir və belə bir misal var: pulu kim verirsə, mahnını da onlar sifariş edir.
SOCAR hələ "Neftçi"yə yeni büdcə ayırmayıb. Bu məsələyə aydınlıq gələndən sonra yeni yol xəritəsi çəkiləcək. Büdcə artımı olsa, əcnəbi məşqçinin təyinatı gerçəkləşdiriləcək.
Bakılılar son həftələr ərzində bir neçə xarici mütəxəssislə danışıqlar aparıb.
Temur Ketsbaya və digərləri indiki şərtlərlə Azərbaycanda çalışmağın onlara avantaj qazandırmayacağını çəkinmədən bildirib. 10-13 milyon büdcə ilə çempionluq əldə etməyin mümkün olmadığını deyiblər.
SPORTİNFO.AZ

