Ötən mövsümün çempionu "Neftçi" cari ili titulsuz başa vurdu.
Ölkə çempionluğunu "Qarabağ"a təhvil verən "ağ qaralar, ölkə kubokunda da "Zirə"yə təslim olaraq mübarizəni dayandırdı.
Baş məşqçi Samir Abasov isə bunu hər dəfə gah heyətin kasad olmasına, gah yerli futbolçu qıtlığına, gah da büdcə azlığına bağlamağa cəhdlər etdi.
Bəzən haqlı səbəblər gətirdiyi kimi, Abasovun kökündən yalan olan arqumentləri də az olmadı. Məsələn, son turun "Qarabağ"la baş tutan və darmadağınla (1-4) başa çatan qarşılaşmasından sonra olduğu kimi.
Belə ki, gənc mütəxəssis ikinci yeri böyük uğur kimi qələmə verərək, titulun əldən çıxmasını ötənilki heyəti saxlamamaqla əlaqələndirib.
Sitat: "Bugünkü situasiyanın acı nəticəsi həmin heyəti əlimizdə saxlamamağımız idi. Çempion olan heyətdən 5 nəfər qalmışdı. Bu da təsirsiz olmaya bilməzdi. Ötənilki tempi saxlamaq mümkünsüz idi".
Hə, ola bilər ki, Abasov həmin heyəti saxlasa yenə çempion olacaqdı. Bununla işimiz yoxdur. Gələk çalışdırıcının danışdığı yalana.
Əvvəla, heyət qorunub saxlanmayıbsa, günahkar məşqçidir. Yox, rəhbərlik buna cəhd etməyibsə, ərizəni yazıb, çempion titulu ilə "Neftçi"dən ayrılardınız. Daha urvatlı, daha abırlı. İndiki kimi yox...
O ki, qaldı çempion heyətdən cəmi 5 futbolçunun qalmasına, vallah-billah kökündən yalan informasıyadır.
Ki, Aqil Məmmədov, Mert Çelik, Voislav Stankoviç, Ömər Buludov, İsmayıl Zülfiqarlı, Yusuf Laval, Vüsal Əsgərov, Emin Mahmudov, Mirabdulla Abbasov, Mamadu Mboç ötənilki uğurun aktiv iştirakçılarıdır. Gördüyünüz kimi say Samir müəllim deyəndən 2 dəfə çoxdur.
Hə, Vüsalı gənc, Mirabdullanı, Öməri qovulan kimi qələmə vermək olar. Amma yenə say 5-ə düşmür axı. Maraqldır, Abasov siyahıdakı başqa kimləri futbolçu saymır?
Ps: Hələ qışa kimi komandada olan Sabir Buqrin və Mamadu Kanedən danışmırıq.
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

