“Neftçi”də işləyirəm, tək “Sabah”dan yox, başqa klubdan da təklif gəlsə, getmərəm”

23 Oktyabr 2021 17:40 Neftçi 2 558
“Neftçi”də işləyirəm, tək “Sabah”dan yox, başqa klubdan da təklif gəlsə, getmərəm”

Mövsümə uğursuz başlayan “Sabah” birinci dövrə bitən kimi Ramin Quliyevlə yollarını ayırdı.

Bu, dördüncü mövsümdür Premyer Liqada iştirak edən komandada növbəti baş məşqçi istefası kimi yadda qaldı.

Quliyevə qədər Elşad Əhmədov, İqor Ponomaryov, Jelko Şopiç və Visente Qomes də eyni aqibətlə üzləşmişdi.

Klub və komandanın daxilindəki problemlərin nədən qaynaqlandığını, baş məşqçi istefalarının sıralandığını öyrənmək üçün “Sabah”ın Premyer Liqadakı ilk baş məşqçisi olmuş Elşad Əhmədovu aradıq.

Hazırda “Neftçi”nin Futbol Akademiyasının rəhbəri kimi çalışan Quliyev rəhbərlik səviyyəsində hər hansı problemin olmadığını söylədi.

- Qoyub getdiyiniz kresloda heç bir həmkarınız rahat otura bilmir, istefalar sıralanır. Həqiqətənmi “Sabah”da çalışmaq çətindir?
- Sizi inandırım, “Sabah”da işlədiyim dövr ərzində şərait baxımından heç bir problemlə rastlaşmamışdım. Klub rəhbərliyi, klubda çalışanlar, komandanın daxilində olanlar – hamının öz işini can-başla gördüyünün şahidi olmuşam.

- Bəs, niyə vəziyyət belədir?
- Ola bilsin, kimsə nəticə verə bilmir deyə, sonluq belə alınır. Premyer Liqadakı ilk mövsümdə o büdcə və o futbolçularla yaxşı-pis oynayırdıq. Ortaya nəsə qoymağa çalışmışdıq. İkinci mövsümdə büdcə artdı, heyət gücləndi, amma müəyyən çatışmazlıqlar oldu. Ona görə də alındıra bilmədik.

- Rəhbərlik yaxşıdır, hər cür şərait yaradılıb, bunları başa düşürük. Vaxtilə “sükan” arxasında olmuş biri kimi problemin kökünü nədə görürsüz?
- Mən işlədiyim vaxta cavabdeh olmuşam və həmin dövrlə bağlı şərh verə bilərəm. Dediyim kimi, bizə hər cür şərait yaradılmışdı. Sadəcə, alındıra bilmədik. Burda klub rəhbərliyində hansısa günah görmürəm. İndiki durum haqda nəsə deməkdə çətinlik çəkirəm. Çünki paltardəyişmə otağından xəbərim yoxdur.

- Deməli, uğursuzluğun səbəbkarları həmkarlarınız, yəni, baş məşqçilərdir.
- Orda incə söhbətlər ola bilər. Amma içəridə olmadığım üçün şərh vermək çətindir. Bəlkə də, günah biz məşqçilərdədir. Bilmirəm. Fikrimcə, “Neftçi”ylə “Qarabağ”dan sonra ən yaxşı şəraitə sahib klub-komanda “Sabah”dır.

- Buna baxmayaraq, nəticələr ürəkaçan deyil.
- Elədir. Artıq dördüncü ildir ürəkaçan nəticə yoxdur.

- Vaxtilə komandanı çalışdırmış biri kimi, mövcud durum sizə necə təsir edir?
- Pis, pis, pis... Kluba rəhbərlik edən insanları tanıyıram. Onlar Azərbaycan futboluna xidmət etmək üçün çox çalışırlar. Təkcə uşaq futboluna ayrılan diqqəti və görülən işləri nümunə göstərsəm bəs edər.

- Ramin Quliyevin boşaltdığı post boş qalıb. Sabah səhər “Sabah”dan zəng gəlsə, yenidən baş məşqçi işləməyə razılıq verərsiz?
- Xeyr.

- Niyə?
- Səbəb sadədir, çünki “Neftçi”nin Futbol Akademiyasında işləyirəm. Burda gələcəklə bağlı böyük planlarımız var və çox ağır yükün altına girmişik. Bu dəqiqə bütün diqqətimi akademiyaya və onun inkişafına ayırmışam. Təkcə “Sabah”dan yox, başqa klubdan da təklif gəlsə, bu haqda düşünmərəm belə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti