
Liderlə autsayderin qarşılaşması hər iki komanda üçün önəm daşıyırdı.
Turun son görüşü olduğu üçün bütün nəticələr bilinirdi.
"Neftçi" ilk sıranı qorumalı, "Sabah" son pillədən qurtulmalı idi. Hər ikisinə qələbə lazım idi.
Samir Abasov heyətdə dəyişiklər etmişdi. Haqlı tənqidlərdən sonra məcburiyyətdən əhlikef Stiven Monroz ehtiyat skamyaya, pasportu hazır olmadan kluba sillə vurub qayıtdıqdan sonra hələ hazır olmayan Yusuf Laval meydana çıxmışdı.
Ömər Buludov da öz yerini tutmuşdu. Güvənilən və ümidləri doğrultmayan Fəhmin Muradbəyli də "qulaqburması" alaraq ehtiyata göndərilmişdi. Bunlar rotasiyadan çox, stabil heyət qurulması çabalarıdır.
Kubok gedib, ancaq çempionat oyunları qalıb - zədələr, cəzalılar nə qədər çox olsa da, finişə az qalıb, hələ optimal heyət formalaşmayıb. Lavalın dediyi kimi: "hələ formada deyiləm". Hara tələsir, qatar gedəndən sonra formaya düşər.
"Sabah" o qədər başıpozuq təsir bağşladı ki, "Neftçi" hələ çempionatda belə rahat futbol oynamamışdı. Mübarizə yox, sürət yox. "Zirə" - "Sumqayıt" oyunundan sonra, "Neftçi"-"Sabah" matçı futbolçulara istirahət idi.
Komandalar orta tempdə bir-birinə döyüşsüz oynamağa şərait yaradırdı. Vəziyyətdən istifadə edib, Fofana meydanda "xoxan"lıq etsəydi, Kubemba ilə birlikdə 10-15 dəqiqəyə "Neftçi"nin qapısından 1-2 top keçirərdilər.
Elə künc zərbəsindən sonra ilk təhlükəli an da qapı qarşısında yarandı. "Sabah"lı futbolçu top qarışıq qapıya girmək əvəzinə, müdafiəçi rolunu oynadı, təhlükəni sovuşdurdu.
Bu epizoddan sonra "Neftçi" bir qədər ayıldı. Yenə də mərkəzdə boş zonalar kifayət qədər idi. Coşqun Diniyevlə Aleksey Isayev futbol oynasaydılar, yaradılmış şəraitdən hər 3-5 dəqiqədən bir "Neftçi"yə çətin anlar yaşadardılar.
Bir tərəfdən də stadionun projektorları söndü. Sönük keçən oyun 10 dəqiqə dayandı, fasilə ev sahiblərinə yaradı.
Masazırlılar ağır çəkili Lavalı belə, saxlamaqda acizlik göstərirdir. Elə qol da onun ötürməsindən sonra vuruldu. Namiq Ələsgərov müdafiəçini qabaqlayaraq, incə toxunuşla topu qapıya yönəltdi.
Gözləmək olardı ki, "Neftçi" qoldan sonra daha da həvəslənəcək, qollar sıralanacaq. Amma artıq meydanda bərabər oyun gedirdi, "Sabah" bir az dirilmişdi.
Fasilədən sonra oyunun axarı dəyişmədi. Ahmed Ahmedovun varlığı ilə yoxluğu bilinmirdi. Samir Abasovun intuisiyası işə yaradı. Mirabdulla Abbasovun əvəzləmədən sonra ilk topa toxunuşu baxımlı qolla nəticələndi.
"Sabah" o qədər bərbad futbol sərgiləyirdi ki, "Neftçi"nin baş məşqçisi son 15 dəqiqədə matçı bitmiş saydı. Mirabdulla dəyişikliyi Samir Abasovun aktivinə yazılmalıdısa, digər əvəzetmələr "Neftçi"ni 3 xalsız da qoya bilərdi.
Yenicə yaşıl sahəyə ayaq basan Tailsson penaltiyə səbəb oldu,
Monrozun da 3-5 dəqiqəlik meydanda görünməsi də yəqin mükafata hesablanmşdı. Ən ödənişli legionerlərdən olan fransalı bir az da pulun üstünə pul qoysun.
Visente Qomeş son dəyişikliklərlə az qala 1 xal qoparacaqdı. Fofanaları meydana buraxıb, Ramil Şeydayevi ehtiyatda saxlamaq milli üçün də rəzalətdir.
"Sabah" bir az tez fərqlənsəydi, bərabərlik topunun vurulması ehtimalı da böyük idi. Sonluq onu göstərirdi.
Oyun nəyi isbatladı? Qələbə qazanılsa da, "Neftçi"nin oyun "işıqlar"ı çoxdan sönüb, "Sabah"ın Qomesli sabahı isə daha qaranlıq görünür.
İspaniyalı çalışdırıcı oyundan sonra hər dəfə rəhbərliklə görüşlərindən danışır. Bir növ özünü kənara çəkib, onları hədəf verir. Kənardan görünən komandada işlərin düzgün getməməsidir.
Samir Abasov da şikayət edir. Messini, Ronaldonu yada salır, tənqidlərin qərəzli olduğunu düşünür, sağa-sola söz atır. Dünyanın işinə bax.
Ən çox tənqidlər obyektiv olaraq mətbuat konfransı keçirilən otaqda hazırlanan "Neftçi"TV-də səslənir, fanatlar sözünü deyir, flaqmanın daha yaxşı oynaması, olması üçün çalışılır.
Gedin, onları verin məhləməyə. Kamran Quliyev!
"Zirə"dən bir karvan keçdi, arxasınca yana-yana baxdız. Elə edin, çempionluq karvanı da yan keçməsin.
SPORTİNFO.AZ