Uşaqları şikəst yox, idmançı etmək barədə MÜSAHİBƏ

6 İyun 2020 09:28 Müsahibə 6 602
Uşaqları şikəst yox, idmançı etmək barədə MÜSAHİBƏ

Hər bir uşaq idmanla məşğul olmaq istəyər. Seçimi özü edir - kimisi futbolu, kimisi kareteni, kimisi boksu, kimisi güləşi…

Əlbəttə, onların hamısı idmançı olmur.

Yenə kimisi bu kimisi həvəskar, kimisi peşəkar səviyyədə davam edir, kimisi də idmanın «daş»ını lap tez atır.

Nəticə səbəbə bağlıdır. Səbəbin arxasından boylanan sualların başında isə bu gəlir: valideyn uşağını idmanla məşğul olmasına razılıq verərsə, birinci növbədə nəyə və nələrə diqqət yetirməlidir?

I dərəcəli idman həkim Seyfəddin Məmmədov Sportinfo.az-a bu mövzuda danışıb.

- Uşaqlara həkim nəzarəti hansı qaydalarla aparılmalıdır?
- İdmanın təməli uşaqlardan başlayır. Təməl düzgün qoyulsa, nəticə uğurlu alınar. İdmanda ilk nəzarət də uşaqlardan başlayır. Bu nəzarət aşağıdakı qaydalarla aparılır:

- Xroniki infeksiya mənbəyinə (tonzillit,otit, dişlərin karyesi və.s) və onların sanasiyasına xüsusi diqqət yetirmək;
- Ürək ritminin pozuntularına xüsusi diqqət yetirmək;

- Bəzən gənclərdə arterial təzyiqin yüksəlməsi aşkar olunur. Bunun öz-özünə keçəcəyi deyilirdi. Bu, düzgün baxış deyil. Bu hal həkim tərəfindən nəzarətə götürülməlidir;
- Bəzi hallarda ürək həcminin inkişafının dayaq-hərəkət sisteminin inkişafından geri qalması baş verir. Buna “kiçik ürək”sindromu deyilir, buna da xüsusi diqqət lazımdır;
- Cinsi yetkinlik dövrünə diqqət yetirmək lazımdır. Pasport yaşı ilə bioloyi yaş 40% cinsi yetkinlik dövründə üst-üstə düşmür;
- Akselarasiya probleminə də xüsusi fikir verilməlidir. Uşaqlarda boy artımının tezləşməsi baş verir;
- İdmana hası yaşda başlamasının dəqiqliyi mühümdür.Çünki vaxtından əvvəl məşqlərə başlamaq, yarışlarda iştirak etmək, böyüklərlə yarışlarda iştirak etmək uşaqların harmonik inkişafına və sağlamlığına mənfi təsir göstərir.

Uşaqların həkim nəzarəti böyüklərlə fərqlidirmi?
- Böyük idmançılarda olan həkim nəzarətinin əsas prensiplərini mexaniki olaraq uşaqlara aid etmək olmaz. Uşaqlarda ürək-damar sisteminin, tənəffüs sisteminin, sinir sisteminin və.s öz xüsusiyyətləri var. Uşaqlarda xarici təsirə qarşı reaksiya, dəqiq desək fiziki yüklənməyə qarşı reaksiya özünəməxsusdur. Yəni uşaqların öz patalogiyası var.

- Uşaqlarda “akselarasiya” problemi nədir?
- “Akselarasiya” uşağın boy artımının və fərdi inkişafının tezləşməsi deməkdir. Uzunboylu uşaqlara akselarat deyilir. Əgər bütövlükdə akselarasiyanı müsbət qiymətləndirmək mümkün olsa belə, boy artımının tezləşməsi fiziki inkişafda disharmoniya yaradır. Konkret olaraq daxili orqanların inkişafdan qalması, ilk növbədə ürək-damar və tənəffüs sisteminə təsir görsədir. Hər bir 15 yaşlı yeniyetmədə boy artımı ilə ürək-damar sistemi inkişafı arasında müyyən uyğunsuzluq olur. Buna görə də akselarantlar tez yorulmaqdan, zəiflikdən, ürək döyüntüsündən və. s şikayətlənir. Akselarant uşaqlarda dişlərin karyesi, zəif görmə, hiprtonik xəstəlik, şəkər və.s xəstəliklərə tez-tez rast gəlmək olur. Belə uşaqlarda məşq prosesini düzgün qurmaqla, ümumi fiziki hazırlıq zamanı xüsusi fiziki yükləmələr tədricən, yavaş-yavaş artırılmaqla , tapşırıq arası fasilələrin düzgün verilməsi, yorulmaya adaptasiya və.s fikir verməklə onlardan yüksək nəaliyətlər əldə etmək olur.

- “Kiçik ürək” sindromu barədə məlumat verərdiz.
- “Kiçik ürək” sindromu, adətən, akselarant uşaqlarda olur. “Kiçik ürək” funksional baxımdan tam deyil. Buna görə də onun fiziki yüklənməyə adaptasiyası böyük gərginliyə səbəb olur. Belə ki, bu cür ürəyi olan uşağın iş qabiliyyəti azalır. Adətən kiçik ölçülü ürək sindromu yaş artdıqca aradan qalxır və orqanizmin digər sistemləri ilə uyğunlaşır.

- Bəs “gənclik hipertoniyası” nədir?
- Bəzən gəclərdə arterial təzyiqin yüksəlməsi aşkar olunur. Bir vaxtlar belə hesab olunurdu ki, bu yaş dövrü ilə əlaqəlidir və öz-özünə keçib gedəcək. Buna “gənclik hipertoniyası” termini deyirdilər. Bu gün istənilən arterial təzyiqin yüksəkliyi pressor reaksiyalara meyillilik əlamətidir. Bu da “ Gənclik hipertoniyası” deyil, konkret gənclərdə olan hipertoniya xəstəliyi deməkdir. Buna 10-15 yaşlarda olan oğlanlarda 15-17%, qızlarda isə 13.5% zast gəlinir.

- Uşaqların daha hansı fərqli xüsusiyyətləri var?
- Uşaqlarda qanın oksigen tutumu az olduğundan fiziki yükləmə zamanı orqanizmin oksigen nəqli sisteminin imkanları daha çox məhdudlaşır. Bu da maksimal oksigen sərfi və oksigen sərfi səviyyəsinin böyüklərə nisbətən 2-3 dəfə aşağı olmasına səbəb olur. Uşaqlar maksimal oksigen sərfi səviyyəsini böyüklərlə müqayisədə daha qısa müddət ərzində saxladıqları üçün tez yorulurlar. Uşaqlarda miokard metabolizmində repolyarizasiya proseslərinin ləng gedişini nəzərə alaraq idman məşqlərində məşq qabağı hazırlığa böyüklərə nisbətən daha çox vaxt ayrılmalıdır. Böyük fiziki yüklərdən sonra uşaqlarda bərpa dövrü müddətinin uzanmasını nəzərə alaraq idman məşqinin son yekun hissəsinin davam müddətinin uzadılması, eləcə də məşqlərdən sonra istirahət müddətinin artırılması məqsədəuyğundur.

- Uşaqların idmana yararlığını necə təyin etmək olur?
- Uşaqların idmana yararlığını təyin etmək üçün istifadə edilən göstəricilər kompleksi “Predikant”adlandırılır. Bu komplekslər daxildir:

Morfoloji göstəricilər: boy,çəki, yuxarı və aşağı ətrafların uzunluğu, oturaq vəziyyətdə boy, bədənin aktiv kütləsi(piy kütləsi nəzərə alınmır), sklet əzələsi liflərinin tərkibi (“cəld”və “ləng”əzələ lifləri).

Fizioloji göstəricilər: ağ ciyərin həyat tutumu, dəqiqəlik tənəffüs həcmi, qanda karbon qazının konsentrasiyasına qarşı hissiyat, sakit vəziyyətdə ürək yığılmaları tezliyi, maksimal oksigen sərfiyyatı.

Mütəhərriklik göstəriciləri: hərəkət sürəti (teppinqtest və.s), elastiklik, vestibulyar dayanıqlıq (sol ayaq üstündə müvazinəti saxlama müddəti), indoksometrik və somatotropometrik faktorlarla əlaqəlı əlamətlər aid edilir.

Psixoloji göstəricilər: mərkəzi sinir sisteminin xüsusiyyətləri (güc, dayanıqlıq, hərəkətlilik), temperamentə aid xüsusiyyətlər (sanqvink, xolerik, fleqmatik, melanxolik), şəxsi xüsusiyyətlər.

Uşaqların idmanda yüksək nəticələr əldə etməsi üçün idman mütəxəssislərinə yuxarıda qeyd olunanlardan istifadə etmələri tövsiyyə olunur.

Digər Xəbərlər
Xəbər Lenti