“Qarabağ”ın müdafiəçisinə dedim ki, avtomatla üstümüzə gəlirsiz”

21:00 Müsahibə 358
“Qarabağ”ın müdafiəçisinə dedim ki, avtomatla üstümüzə gəlirsiz”

Premyer Liqanın 10-cu turunun sürpriz nəticəsi “Azersun Arena”da qeydə alındı.

Çempionlar Liqasının Liqa mərhələsində iki qələbə qazanan “Qarabağ” elitada qalmaq uğrunda mübarizə aparan “Şamaxı”nın müqavimətini qıra bilmədi – 0:0.

Sportinfo.az-a müsahibə verən “şirlər”in isveçrəli hücumçusu Karim Rossi suallarımızı cavablandırıb.

- “Qarabağ”la heç-heçəni qələbəyə bərabər tutmaq olar?

- Səfər matçında, “Qarabağ” kimi rəqiblə oyunda 1 xal bizim üçün əla nəticədir. Çox yaxşı hazırlaşmışdıq, baş məşqçidən lazım olan tapşırıqları almışdıq. Əsas məqsədimiz “Kəpəz”ə məğlubiyyətin təsadüf olduğunu göstərmək idi. Fikrimcə, bunu sübut edə bildik. Komanda şəklində layiqli mübarizə apardığımızı düşünürəm. Əks-hücum şanslarımızı dəyərləndirə bilsəydik, hətta qalib gələ bilərdik.

- “Kəpəz”lə matçın psixoloji yükünü üzərinizdən atmaq üçün nə etdiniz?

- Bu, baş məşqçinin əməyinin nəticəsidir. Həftəiçi məşqlərdə, hətta məşqdən kənarda bizimlə söhbət edərək vəziyyəti başa salmağa çalışırdı. Onu diqqətlə dinləməyimizi istəyirdi. “Kəpəz”lə oyunun gərginliyindən çıxa bilməsəydik, bu gün əzmkarlıq göstərə bilməzdik.

- Oyunun sonlarında “Qarabağ” təhlükəli vəziyyətlər yaradanda əllərini göyə açıb Allaha dua edirdin?

- (gülür) Son dəqiqələr idi, “Qarabağ”ın müdafiəçisi Sami Mmaeeyə dedim ki, biz kiçik klubuq, tapança ilə müdafiə olunuruq, siz isə avtomatla üstümüzə gəlirsiniz.

- O, nə cavab verdi?

- Dedi, sizə qol vurmaq çox çətindir, yaxşı müdafiə olunursunuz. Aramızda maraqlı qısa dialoq alındı. “Qarabağ”a qarşı başa-baş oynamaq həqiqətən çox çətindir. Məcburən əks-hücumu düşünməli olursan.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti