Azərbaycan Kubokunda yeni mövsümə start verilib.
İlk oyun günündə baş tutan gərgin oyunlardan biri Qubada keçirilib.
Premyer Liqa təmsilçisi "İmişli" İkinci Liqa klubu "Qaradağ Lökbatan"ı qonaq edib.
Elitada sürpriz çıxışla hamını təəccübləndirən aran təmsilçisi kubok yarışında ilk mərhələdəcə mübarizəni dayandıra bilərdi.
Jorje Kaşkilyanın yetirmələri 80 dəqiqə hesabda geri olduğu qarşılaşmada yalnız son dəqiqələrdə vurduğu qollarla çütün taleyini öz xeyrinə həll edə bilib.
Qonaqların heyətində zəngin Premyer Liqa təcrübəsi olan 37 yaşlı Sabir Allahquliyev dubl etməklə yadda qalıb.
Sportinfo.az-a açıqlama verən forvard həm fərdi çıxışı, həm də komandasının son anda əla şansı əldən verməsindən danışıb:
"Maraqlı oyun keçdi. Uzun müddətdir təbii meydanda oynamırdıq. Oyuna yaxşı başlamışdıq. Uzun müddət hesabda öndə olduq. Təəssüf ki, sona qədər qələbə hesabını qoruya bilmədik. Fiziki durum buna imkan vermədi. Premyer Liqa ilə ikinci liqa arasında fərq az deyil. Sadəcə gücümüz çatmadı. Fiziki gücümüz olsaydı, bəlkə də qələbə qazana bilərdik.
Bəli, dublla yadda qaldım. Rəqib elita təmsilçisi olduğu üçün qol vurmağı çox istəyirdim. Sonda qismət oldu. Təbii ki, buna görə sevincliyəm, amma ümumi nəticə hamımızı üzdü".
XANOĞLAN

