"Çempionlar Liqasında oynamaq asan deyil, bu mərhələdə iki oyun qazanmaq böyük uğurdur".
Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin əfsanələrindən olan, bir müddətdə Azərbaycanda “Səbail”də çıxış edən qanalı ulduz Maykl Essyen futbolinfo.az-a müsahibəsində deyib.
– “Çelsi” və “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacaq. Bu oyun haqqında fikirləriniz nədir?
– Bu, yaxşı oyun olmalıdır. Hər iki komanda Çempionlar Liqasında bəzi oyunlarını qazanıb və öz şanslarına güvənirlər. Ümid edirəm, gözəl oyun olacaq.
– “Çelsi” favorit sayılır. Sizcə, “Qarabağ” necə xal qazana bilər?
– “Çelsi”nin aşkar favorit olduğunu deməzdim. Çünki liqa formatı əvvəlki ev-səfər oyunları kimi deyil, tək oyundan ibarətdir. “Qarabağ” isə evdə oynayacağı üçün özünəinamlı olacaq. Düşünürəm ki, açıq oyun keçəcək, nəticəni keyfiyyət və istək müəyyən edəcək.
– “Qarabağ”ın oyunlarına baxmısınızmı? Onlar Çempionlar Liqasında iki oyunda qələbə qazanıblar.
– Onların bəzi oyunlarının xülasələrinə baxmışam və yaxşı çıxış ediblər. Çempionlar Liqasında oynamaq asan deyil, bu mərhələdə iki oyun qazanmaq böyük uğurdur.
– Azərbaycan futbolunu izləyə bilirsizmi?
– Təlim və oyun proqramım adətən Azərbaycan oyunları ilə eyni vaxta düşdüyü üçün canlı baxa bilmirəm. Amma vaxtım olanda xülasələrə baxıram.

Xatırladaq ki, Maykl Essyen 2019-20-ci illərdə “Səbail” forması geyib. Lion “Olimpik”i, “Real”, “Milan” və “Panatinaikos”da çıxış etmiş 42 yaşlı sabiq futbolçu 2005-12-ci illərdə “Çelsi”də böyük uğurlar qazanıb.

