"Sabah"ın yarımmüdafiəçisi Velko Simiç Premyer Liqanın 9-cu turunda "Araz-Naxçıvan"la bərabərliklə bitən matçdan (2:2) sonra Sportinfo.az-a müsahibə verib.
- Dramatik keçən matç barədə nələr deyə bilərsən?
- Çətin oyun olacağını bilirdik. Qələbəyə yaxın idik. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik. Standart vəziyyətlərdə yetərincə diqqətli olmadıq. Hər iki qolu da bu cür epizodlardan buraxdıq. Lakin artıq bu oyun geridə qalıb. Bu oyunda yol verdiyimiz səhvlərdən nəticə çıxarmalı və qarşıdakı görüşlərə köklənməliyik.
- Klub görüşdən sonra hakim qərarlarına öz etirazını açıq bildirdi. Meydanda vəziyyət necə idi?
- Hakimlər barədə şərh verməyi xoşlamıram. Çünki bu barədə edə biləcəyimiz heç nə yoxdur. Biz öz oyunumuzu inkişaf etdirməyə fokuslanmalıyıq.
- "Zirə"ni parlaq oyunla darmadağın etmişdiniz və gün xal itirdiniz. Sabitliyin olmamasında səbəb nədir?
- Mövsüm ərzində tədricən sabitliyi qazanacağımıza inanıram. Oyundan oyuna böyüyürük. Fikrimcə, biz doğru yoldayıq.
- Və qarşıdan heç də yaxşı günlərini yaşamayan "Qəbələ" ilə matç gəlir...
- Qarşıdakı oyun başqa oyunlarımız kimi çətin olacaq. Biz hər rəqibə hörmətlə yanaşırıq. Amma təbii ki, məqsədimiz 3 xal qazanmaqdır.
XANOĞLAN İMANOV

