“Dünyada elə futbolçu yoxdur ki, Çempionlar Liqasında oynamaq istəməsin. Mən də həmin siyahıdayam”.
“Qarabağ”ın vingeri Kris Kuaku Sportinfo.az-a açıqlamasında komandasının avrokuboklardakı çıxışı barədə sualı cavablandırıb.
“Köhlən atlar”ın yay transferlərindən olan Kuaku Premyer Liqada 8 oyunun 6-da şans qazanıb ki, bunların 5-də əsas heyətdə yer alıb. Hətta “Araz-Naxçıvan”la qarşılaşmada qol hesabını da açıb.
Lakin eyni sözləri beynəlxalq görüşlər barədə demək olmur.
Qurban Qurbanov Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçiyə Çempionlar Liqasının 5 görüşündə 62 dəqiqə güvənmişdisə, Liqa mərhələsindəki 3 matçın yalnız 1-də - “Kipenhagen”lə Bakıdakı dueldə 2 dəqiqə şans verib.
Kris avrokuboklarda az oynamasına peşəkarlara yaraşan şəkildə cavab verib:
“Komandada 23-25, bəzən daha çox sayda futbolçu olur. Və onlardan yalnız 11-i əsas heyətdə yer alır.
Digərləri ehtiyatda oturub zamanını gözləyir. Bu, futbolun qanunudur.
Nə vaxtsa özüm də baş məşqçi olsam, start heyətində 11 futbolçuya şans verəcəm, digərləri zamanını gözləyəcək. Bunları dərk etmək və hörmətlə yanaşmaq lazımdır.
Oynamırsansa, hörmət etməlisən. Ehtiyatda qalırsansa, hörmət etməlisən.
Çox az oynayırsansa, hörmət etməlisən. Bütün bunlar sənə xoş deyilsə, yenə hörmət etməlisən.
Təbii ki, az oynamağım məni məyus edir. Ancaq baş məşqçinin qərarına hörmətlə yanaşıram.
Çünki ehtiyatda oturan tək mən deyiləm. Məndən başqa 10-12 nəfər də var”.
Kris peşəkar karyerasında Tunisin “Sfaksyen”, Danimarkanın “Midtyullann”, Portuqaliyanın “Mafra” komandalarının uğurları üçün tər tökməklə bütün yarışlarda meydana çıxdığı 164 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.
HƏBİB

