Qurban Qurbanov niyə onda belə hirslənmədi, indi isə…

11:40 Şamaxı 319
Qurban Qurbanov niyə onda belə hirslənmədi, indi isə…

Məqsədə aparan yolda bütün vasitələr mübah sayılmır.

Təbii ki, «Şamaxı» əgər səfərdə «Qarabağ»la qarşılaşırsa, qələbəni arzulamır.

Məşqçiləri və futbolçuları kəmsavad deyil, başa düşürlər ki, ayaqlarını yorğanlarına görə uzatmasalar, irihesablı məğlubiyyətin təsiri altında inildəyəcəklər.

Azərbaycanda «Qarabağ»la üz-üzə gələn istənilən rəqib oyuna «iki nömrə» ilə başlayır», elə «iki nömrə»lə də bitirir. Başqa variant yoxdur da, neyləsinlər.

Hücum futbolu oynasalar, açıq futbol oynasalar, «Qarabağ» başlarına od ələyəcək. Fərqi yoxdur, «Qarabağ» meydana aparıcı legionerlərini buraxacaq, ya ehtiyatda növbə çəkənləri.

Qurban Qurbanovun «Şamaxı»nın meydanda vaxt aparan, dəqiqəbaşı yerə yıxılan futbolçularından şikayətlənməsinə bir tərəfdən haqq vermək olar, bir tərəfdən isə…

«Atletik»lə «Qarabağ» arasında səviyyə fərqi nədirsə, «Şamaxı»yla onlar arasındakı uçurum da ən azı bir o qədərdir.

Necə ki, Mateuş Koxalski Bilbaodakı matçın elə ilk hissəsində vaxt aparırdı ki, «Atletik» tonusdan düşsün, Rikardu Fernandes də eyni «aktyorluğ»u «Qarabağ»a qarşı etdi.

«Qarabağ» oyunun ilk 50-60 dəqiqəsində qol vura bilməyibsə, qəsdən vaxtı uzatmaq rəqibin yeganə çıxış yoludur. Bunu tək «Şamaxı» etmir, başqaları da edir.

«Sumqayıt» məhz bu minvalla oynayaraq, Suraxanıda «Qarabağ»a 1:0 qalib gəldi. Hər üç-dörd dəqiqədənbir özlərini yerə atırdılar.

Mənə maraqlıdır ki, Qurban Qurbanov onda bu hadisəyə bir belə əsəbiləşməmişdi, indi isə…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti