“Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı.
Ağdam təmsilçisi "Turan Tovuz"a uduzduğu oyunda yenə özünə bənzəmədi. Komanda artıq ardıcıl üçüncü oyundur qol vura bilmir. Özü də söhbət təkcə qol vurmaqdan getmir. “Qarabağ” normal qol epizodları yaratmaqda da çətinlik çəkir.
Bilirəm, yenə əksəriyyət deyəcək ki, komandada yenilənmə prosesi gedir. Bəli, heyətdə kütləvi dəyişiklik olub, yeni futbolçular gəlib və bu proses hələ davam edir. Ola bilər, beş-altı aydan sonra daha yaxşı “Qarabağ” görək. Bu ehtimalı istisna etmirəm. Amma hər şeyi yenilənmə ilə əlaqələndirməyin də tərəfdarı deyiləm. Açığı, artıq bu arqumentin bir qədər bəhanəyə çevrildiyini düşünürəm.
Sistem olaraq “Qarabağ” hələ alışdığımız səviyyədə olmaya bilər. Ancaq fərdi keyfiyyətlər də var axı. Bu qədər yeni transferdən sonra futbolçular heç olmasa ayrı-ayrı epizodlarda komandanı xilas etməyi bacarmalıdırlar.
Bu gün cinah oyunçularının çıxışına baxaq. Lanqanın, Makreçkisin 90 dəqiqə ərzində cərimə meydançasına bir normal ötürməsi olmadı. Kaşuk cinahda nə ciddi reydlə, nə də fərdi keyfiyyəti ilə yadda qaldı. Birəbir mübarizələrdə rəqibi keçə bilmədi. Üstəlik, Kaşuk yeni futbolçu da deyil axı.
Orta xəttə baxırıq, 90 dəqiqə ərzində qapıya təhlükəli zərbə görmürük. Yalnız hesab açıldıqdan sonra Sefasın bir cəhdi oldu, o da uğursuz alındı. Düzdür, Sefas müəyyən keçidləri, fərdi cəhdləri ilə nisbətən seçilir. Amma onun da faydalı iş əmsalı hələ çox aşağıdır.
Savo isə hücumda, demək olar ki, görünmür. Ən azı standart vəziyyətlərdə onun cərimə meydançasında daha fəal olmasını gözləyirsən. Amma bunu da görə bilmirik.
Bir sözlə, “Qarabağ” təkcə komanda oyunu baxımından yox, fərdi keyfiyyətlər baxımından da geriləyib.
Halbuki vaxtilə Kamilo Duran, Kadı Borges, Juninyo kimi futbolçular daha münasib şərtlərlə komandaya gəlmiş, daha keyfiyyətli oyun sərgiləmişdilər. İndiki transferlərin bəzilərinə daha böyük təzminatlar ödənilib. Amma bu gün həmin keyfiyyəti görmürük.
Bəli, biz bu günün “Qarabağ”ından danışırıq. Ola bilər, üç-beş aydan sonra tam fərqli komanda görək. Ancaq hər ötən tur bu ehtimalı bir qədər də zəiflədir. Qatar artıq hərəkətə gəlib və “Qarabağ” bu mövsümü də itirə bilər. İndi itirilən xalları sonradan kompensasiya etmək heç də asan olmayacaq.
Üstəlik, meydanda nə əvvəlki istəyi, nə də motivasiyanı görürük. Sanki baş məşqçi ilə futbolçular arasında da nəsə qaydasında deyil. Ortada yalnız yenilənmə ilə izah olunmayacaq başqa problemlər də var. Məncə, Qurban Qurbanov artıq müəyyən müdaxilələr etməli, komandaya toxunuşlar etməlidir.
Qarşıda milli fasilə var. Fasilədən sonra “Qarabağ”ın necə görünəcəyini görəcəyik. Ardınca “Kəpəz” səfəri gəlir. Yeri gəlmişkən, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov “Qarabağ”la oyuna üç xal gözü ilə baxdıqlarını bildirdi.
Bir vaxtlar rəqiblər “Qarabağ”la oyuna çıxmamışdan əvvəl həmin həftəni itirilmiş hesab edirdilər. İndi isə çempionatda qalmaq uğrunda mübarizə aparan, büdcəsi və heyət imkanları Ağdam klubundan xeyli aşağı olan “Kəpəz” belə bu rəqiblə oyuna qələbə ümidi ilə yanaşır. Bir ildə komanda nə qədər geriləyə bilər?
Ötən ilin bu vaxtlarında Çempionlar Liqasında tarix yazan “Qarabağ” bu gün ölkə çempionatında ardıcıl üç oyundur qol vura bilmir. Üstəlik, qol epizodları da yarada bilmir. Yenilənmə prosesi də müəyyən mərhələdə irəliləyiş göstərməlidir. Məsələn, “Qəbələ” ilə oyunla bugünkü qarşılaşma arasında heç olmasa 5-10 faizlik fərq görməliyik ki, prosesin tədricən müsbətə doğru getdiyini düşünək. Amma bu gün “Qarabağ”ı “Qəbələ” ilə oyundan da zəif gördük. Komanda ciddi heç nə ilə yadda qalmadı. Bu da haqlı narahatlıq və suallar yaradır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
